Qorxunc gülüşün dərmanı: ananız istəsə də...
19 Dekabr 2013 17:28 (UTC+04:00)
Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə
bağlı problem yaşamasın. Diş üçün elə problemlər var ki, onların
həlli asandır. Məsələn, ləkələr, diş daşları və bu kimi çarəsi
qısamüddətli olan problemlər qısa müddətdə aradan qaldırıla bilir.
Amma elə problemlər də var ki, onların həlli uzunmüddətlidir. Belə
olan halda həkimə müraciət etməyən insanlar həyatlarının sonuna
kimi sıxılır, utanır, hətta ürəkdolusu gülüşə sahib ola
bilmirlər.
Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri
diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç
nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb
edir.
31 yaşlı Nərminə Vəliyeva da diş əyriliyindən
əziyyət çəkir. Dişlərinin uşaqlıqdan əyri olduğunu deyən
müsahibimiz indiyədək gülüş hədəfi olduğunu bildirir: "Dişlərim adi
əyri dişlərdən deyildi. Üst-üstə çıxır, vampir görünüşü verirdi.
Normal danışanda görünmür, lakin güləndə qarşımdakıların donub
baxmasından başa düşürdüm ki, gülüşüm qorxuncdur. Universitet
illərində mənə həkim o dişlərin mütləq çəkilməli olduğunu dedi.
İllər sonra başqa bir həkim breketlər vasitəsilə dişlərimin qaydaya
düşəcəyini bildirdi. 4 aydır breketdəyəm. Nəticəsinin yaxşı
olacağına inanıram".
Dişlərin və diş sırasının anomaliyalarının əmələ
gəlməsi bir çox faktorlardan asılıdır. Çənənin qüvvədən qalması,
damaq əyrilikləri dişlərin damaqda müxtəlif hissələrdən çıxmasına
səbəb olur. Uşaqlıqdan bir sıra pis vərdişlər, uzun müddətli əmzik
əmmək, barmaq sormaq, tənəffüs yollarının xəstəlikləri, genetik
faktorlar da şərait yaradır ki, dişlər düzgün yerləşməsin. Əyri və
düzgün olmayan dişlər insanı kompleksə salır, diş xəstəliklərinin
yaranması riskini artırır, dişlərin vaxtından əvvəl sıradan
çıxmasına səbəb olur. Dişlərin düz olmamaması çeynəmə prosesini də
çətinləşdirir və nəticədə gicgah-çənə oynağında disfunksiyalara
səbəb olur. İstər kosmetik, istərsə də fizioloji problemlərin
yaranmaması üçün dişlərin sıraya salınması
vacibdir.
Həkim-stomatoloq Firuz Qurbanovun sözlərinə görə,
dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu
gün Azərbaycan bu baxımdan çox inkişaf edib. Dişlərin düzəlməsi
üçün çıxan plastinkalar, funksional aparatlar və çıxmayan
breketlər, konstruksiyalardan istifadə edilir ki, bunun nəticəsi də
çox effektiv olur: "Ağızda düzgün yerləşməyən, bir-birinin üstündə
çıxan dişlər, təbii ki, damağa ziyan vurur. Bu cür dişlər sonradan
xəstədə qinqivit, daha ağır halda paradontit əmələ gətirir. Bu
formada davam etdikdə hətta ən sağlam dişlər belə bir müddət sonra
laxlamağa başlayır və nəticədə düşür. Bir-birinin üstündəki dişlər
normal yerləşmədiyindən qida qalıqları qalır, kariyesə, çürüməyə
səbəb olur. Dişlər tez-tez fırçalansa belə, ağız qoxusu davam edir.
Bu vəziyyətin tək çıxış yolu odur ki, breketlərdən istifadə
olunsun".
Onun dediyinə görə, əvvəllər breketlər indiki kimi
rahat deyildi. Belə ki, üst damağa oxşar damaq təbəqəsi və
qarşısından dişləri ön tərəfdən sıxmaq üçün tel keçirilirdi.
Xüsusən azyaşlılar üçün bu cür breketlər çox əlverişsiz idi.
Üstəlik belə tellərlə effektiv nəticə almaq olmurdu. Çünki
səhər-axşam bu damaq çıxarılmalı, yuyulmalı və yenidən ağıza
salınmalıdır. Əksər hallarda xəstələr bunu unutduqları üçün
breketlərin də effekti olmurdu. "Lakin hazırda breketlər də
fərqlidir və xəstə özü breketi söküb yenidən dişlərinə bağlaya
bilmir".
Breketlərin istifadəsindən danışan həkim bildirir
ki, breketlər valideynin istəyinə uyğun deyil, dişlərin vəziyyətinə
uyğun təyin olunur. Əksər valideynlər uşaqların dişləri
formalaşmamış, dişlər tam çıxmamış digər dişlərə breket qoyulmasını
tələb edir, halbuki breket 13-15 yaşından aşağı uşaqlar üçün, eləcə
də dişləri tamamilə çıxmayanlar üçün olmaz: "Bəzən elə hallar olur
ki, dişlər diş sırasından yuxarıda çıxır və valideyn tələb edir ki,
bu diş çəkilsin. Diş bir müddət sonra aşağıya enib digər dişlərlə
eyni sıraya gəlir. Eləcə də əyri olan dişlər digər dişlərin çıxması
ilə normal vəziyyətinə qayıdır. Breket o zaman qoyulur ki, dişlərin
çıxması artıq sona çatır və heç bir dəyişiklik olmur. Bu zaman
breketlər qoyula bilər. Uşaqlarda isə dişlərin fizioloji olmayan
vəziyyətini breket-sistemlərin deyil, xüsusi çıxarılan ortodontik
plastinlərin köməyilə düzəltmək mümkündür. Breketin ümumi yaşı
yoxdur. Bu müalicədən ağzında dişi olan hər kəs istifadə edə
bilər".
Həkimin bildirdiyinə görə, müalicə müddəti 1 il,
bəzən daha çox olur ki, bu da dişlərdən asılıdır. Onun sözlərinə
görə, yenə dişlərin vəziyyətindən asılı olaraq bir neçə aydan sonra
breketlər sıxlaşdırılır. "Çox az ağrısı olur, lakin hər
sıxlaşdırmadan 1 gün sonra ağrı yox olur. Xüsusi qulluq tələb edir.
Əks halda müalicənin müddəti də uzanacaq və xəstə daha tez-tez
həkimə müraciət etməli olacaq. Gündə 2 dəfə və xüsusi kiçik
fırçalarla qulluq olunan və təmiz saxlanılan breketlər 2-3 ay
müddətində çıxarılmadan saxlanıla bilər".
Breketlər görünüş və qiymət baxımından da
müxtəlifdir. Linqval breketlər qiymət baxımından bahalı breket
hesab olunur. Çünki bu breketlər dişin arxa divarı boyunca hörülür
və gülən, danışan zaman gözə görünmür. Eyni zamanda belə breketlər
görünmədiyindən onları təmizləmək də çətin olur. Sapfir breketlər
şəffaf olmaqla yanaşı, dişlərin xarici tərəfindən bərkidilir.
Diqqətlə baxmadıqca breketlər insan gözünə dəyməz, yox hissiyatını
verər. Metal breketlər dişlərin xarici tərəfindən bərkidilir, gözlə
görülür. Belə breket sahibləri də breketlər çıxarılana qədər
kompleksli olur, çünki diş üzərindəki dəmirlər aşkar gözə çarpır.
Rəngli breketlər də mövcuddur ki, bu, plastikdən hazırlanır, amma
belə breketlərlə çox ciddi qüsurları düzəltmək məsləhətli
deyil.
Stomatoloq bildirir ki, Azərbaycanda breketə
ehtiyacı olan insanlar kifayət qədərdir. Lakin nədənsə həkimə bu
baxımdan müraciət edənlər azdır. Onun sözlərinə görə, ciddi müayinə
olunsa, hər 3 insandan 2-si müalicə olunmalıdır. "Uşaqlarda
dişlərin dəyişmə dövründə çənə inkişaf edir və sümük toxuması tam
formalaşmadığı üçün ortodontik müalicə çox yaxşı effekt verir. Buna
görə də diş sırası dişləmdə olan problemlərin erkən yaşlarda həll
edilməsi daha məsləhətdir".