Qadınları haldan-hala salan üç rəqəm

19 Dekabr 2013 18:32 (UTC+04:00)
Müasir gözəllik formulu "90-60-90"-nın televiziya kanallarında, jurnallarda, internet saytlarında təbliği qadınların bu formula uyğun gəlməyə çalışması ilə nəticələnir. Qadınlar müasir gözəllik standartlarına çatmaq üçün arıqladan həblər içir, uzunmüddətli pəhrizlər saxlayır, əməliyyatlara və sağlamlığa ziyan vuran başqa prosedurlara üz tuturlar. 

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, müxtəlif dövrlərdə gözəlliyə olan tələblər fərqli olub: "Məsələn, əvvəllər xüsusilə də, Şərq ölkələrində bir qədər köklük gözəllik hesab olunurdu. Eləcə də ağ dəri, balaca ağız gözəllik rəmzi sayılırdı. Hətta balaca ağıza "püstə" deyirdilər. İndi isə gözəllik standartları dəyişib. Arıq, hündür və iri dodaqlı xanımlar gözəl hesab olunurlar" deyən A.Qurbanova bildirir ki, indi qaralmaq da dəb halını alıb. Onun dediyinə görə, bununla yanaşı gözəllik xeyli süniləşib. Belə ki, modellərin müxtəlif proqramlarla düzəldilən fotolarına oxşamaq istəyən xanımlar təbii yolla buna nail ola bilmədikdə müxtəlif prosedurlar vasitəsilə süni gözəlliyə sahib olurlar. Lakin bunun çox vaxt ağır fəsadları olur. 

Psixoloq əlavə edib ki, gözəllik standartları indi insanlara daha çox təsir edir: "Reklamların təsiri altında qadınlar kökəlməkdən qorxurlar. Qadınlarda arıqlamaq istəyi o qədər güclü olur ki, hədsiz dərəcədə arıqlayırlar. Bəzi belə qadınlar müalicəsi çox çətin olan anoreksiya xəstəliyinə tutulurlar. Belə ki, hədsiz arıqlıq, qarının çuxura düşməsi, üzdə almacıq sümüklərinin üzə çıxması, solğun dəri, xroniki aclığın təsirindən parıldayan gözlər dəb halını alıb. Bu cür standartlara uyğun gəlmək isə fiziki cəhətdən xüsusilə də, artıq çəkili xanımlara çox çətindir". 

Müsahibimiz bildirib ki, arıqlaya bilmədiyi üçün əziyyət çəkən qadınlar oxşamaq istədikləri modellərin və aktrisaların məşhur stilistlər, saç ustaları, vizajistlər və şəxsi həkimlərlə işlədiyini nəzərə almalıdırlar. Hər gün onların çəkilərinə və xarici görünüşünə nəzarət olunur. Bəziləri yanlış olaraq düşünür ki, jurnalda gördükləri gözəl xanımlar yalnız pəhriz salatları ilə qidalanırlar. "Əslində isə bu, belə deyil. Onlar da qazlı və şirin sular içir, cəld yeməklə qidalanır və istədiyi şeyləri yeyirlər. Sadəcə, onlarla işləyən heyət vacib çəkilişlər və mərasimlərdən qabaq onlara xüsusi və qaydalarına ciddi riayət olunan pəhriz tərtib edirlər. Bu pəhrizlər də tez bir zamanda bədən quruluşunu lazımi formaya salır. Bu haqda saytlarda və jurnallarda da kifayət qədər məlumatlar verilir. Misal üçün, məşhur ulduzlar Ancelina Colinin, Keyt Uinsletin, Meqan Foksun, Monika Belluçinin, Beyonsun, Natali Portmanın pəhrizləri və arıqlamaq üsulları barədə kifayət qədər məlumatlar yayılıb". 

Bəzi qadınlar artıq çəkili olduğu üçün o qədər fikir edirlər ki, onlar həyatlarında baş verən bütün uğursuzluqları köklüyü ilə bağlayırlar. Onlar arıq olsalar, uğurlu olacaqlarını sanırlar. Hesab edirlər ki, arıq olsalar, əks cinsin nümayəndələri daha çox onlara diqqət yetirəcək, iş sahəsində də nailiyyətlər əldə edəcəklər. Öz xarici görünüşlərini bəyənmədikləri üçün qəribə davranır, tez-tez depressiyaya düşürlər. Belə qadınlarda özünə inam hissi itir. Onlara gözəl göründüklərini desən belə, buna inanmırlar. Onlara elə gəlir ki, ətrafdakılar onlara gülür və onları ələ salırlar. 

A.Qurbanovanın dediyinə görə, bu cür komplekslərdən qurtulmaq üçün ətrafdakı arıq xanımları müşahidə etmək lazımdır. Həmsöhbətimiz məsləhət görür ki, gözəl xanımları müşahidə etdikdə onların da problemlərinin, uğursuzluqlarının olduğunu görəcəksiz: "Eləcə də həyatda uğur qazanan, şəxsi həyatları qaydasında olanları da müşahidə edin. Onların hamısı yaraşıqlı və arıqdırmı? Əgər bu cür müşahidələri aparsanız, onda xarici görünüşün heç bir rol oynamadığını görəcəksiniz. Kifayət qədər həyat yoldaşı tərəfindən sevilən, uşaqları olan, karyerasında da uğur qazanan kök qadınlar var. Ola bilsin ki, onlar arıqlara nisbətən daha xoşbəxtdirlər. Arıqlamaq istəyi ilə yaşayan və daim öz xarici görünüşündən narazı olan qadınlar güzgüyə baxaraq öz çatışmazlıqlarını görür və gün ərzində bunun fikrini çəkirlər. Belə qadınların əhvalı çox pis olur, xüsusilə də uzun müddət ac qaldıqları üçün əhəmiyyətsiz şeylərə görə də əsəbiləşirlər. Öz xarici görünüşünü bəyənən xanım isə gülərüz və mehriban olur. Əhvalı yaxşı olduğu üçün yaxınlarının qayğısına qalır, işdə də fikri öz görünüşündə deyil, işində olur. Bu səbəbdən də artıq çəkidən əziyyət çəkən və ya sadəcə hədsiz arıq ola bilməyənlər öz xarici görünüşləri ilə harmoniyada yaşamağı öyrənməlidirlər. Əgər özlərinə heç cür inanmırlarsa, görünüşülərində hansısa müsbət cəhəti tapmağa çalışmalıdırlar. Məsələn, onun gözəl yaşıl gözləri və ya dolğun dodaqları ola bilər və s. Öz görünüşündəki müsbət cəhətləri tapıb qabartmaq, çatışmazlıqları isə gizlətmək məsləhətdir. Belə ki, artıq kiloqrammlar düzgün geyinmədikdə çox nəzərə çarpa bilər. Daha da zərif görünmək üçün qara və tünd rənglərdən də istifadə etmək olar". 

Dietoloq Günel Məhərrəmova bildirib ki, insanın çəkisinin normada olması Bədən Kütləsinin İndeksi (BKİ) ilə yoxlanılır: "Sizə uyğun gələn ideal çəkini öyrənmək üçün insanın boyu və yaşı nəzərə alınmalıdır. Boyu (metrlə) kvadrata yüksəltmək, yəni boyu (metrlə) özünə vurmaq, sonra çəkini (kiloqramla) alınmış nəticəyə bölmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının məruzəsinə əsasən BKİ qadınlarda 21-ə, kişilərdə isə 23-ə bərabər olduqda çəki optimaldır, BKİ 19-la 25 arasında olduqda bədən çəkisi normaldır. BKİ 25-dən çox olduqda artıq çəki, 30-dan çox olduqda isə artıq piylənmədir. Lakin BKİ 25-lə 29 arasında olduqda, köklüyün səbəbi müəyyən olunmalıdır. Ola bilsin ki, köklük piylənmə deyil (məsələn, idmançılarda), yaxşı inkişaf etmiş əzələ kütləsidir".