Azərbaycan elmində yaranan böyük problem

20 Dekabr 2013 07:45 (UTC+04:00)

Nabatəli Qulamoğlu: "Gənclik özünün elmi axtarışlarının məhsulunu əvvəlcədən görə bilmir"

"Bu gün AMEA-da gənc alimlərə böyük ehtiyac var. Sovet İttifaqı dağıldıqdan sonra elmə maraq azaldı və gənclərin əksəriyyəti pul dalınca getdilər, yaxud xaricə köçdülər. İndi buna görə də elmdə gənclər qıtlığı yaranıb". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib. Elm sahəsində qocalmanın olmasını doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında təhsil nazirinin müavini Ceyhun Bayramov da vurğulayıb.

Müavin bildirib ki, keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb. C. Bayramov qeyd edib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir. Gələcəkdə daha gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir".

Ekspertlər hazırda gənclərin elm sahəsindən uzaq durmasının kökündə əsasən iqtisadi amilin dayandığını önə çəkirlər. Eyni zamanda, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini, elm sahəsinin gəncləşməsində böyük rol oyanacağını düşünürlər. Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, gənclərin elm sahəsindən uzaqlaşması ondan qaynaqlanır ki, Azərbaycanda elm adamlarının aldıqları əmək haqqı çəkdikləri zəhmətin bəhrəsi ilə mütənasiblik təşkil etmir: "Ona görə də gənclər məvacibi daha çox olan işlərə gedirlər. Stimul olmalıdır. Belə vəziyyət həyacan təbili çalır ki, səlahiyyətli qurumlar diqqəti artırsınlar. Elmi işçilərin, alimlərin maaşı artırılmalıdır. Dövlət xüsusi qayğı göstərməlidir ki, gənclər də elmə meyllənsinlər. "Qəbirə qədər oxu" müqabilində elm adamı ailəsini dolandıra bilmirsə, həmin sahəyə meyllənmə az olacaq. Yəni, ən birinci iqtisadi amildir".

Ekspertin sözlərinə görə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi və buna müvafiq olaraq əmək haqqının artırılması gənclərin elmə meylini artırar: "Amma vəziyyət tamam başqadır. Maliyyələşməni ali məktəblərin özünə veriblər. Bu da vəziyyəti bir qədər qeyri-normal edir. Məsələn, ali məktəblərə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Amma əmək haqqını isə ali məktəb verməlidir. Burada gərək qəbul da ali məktəblərə verilsin ki, universitetlər tələbələrin qəbul olunması üçün təbliğat aparsınlar".

Gənc əməkdar müəllim Almaz Həsrət bildirir ki, çox vaxt yaşlı nəsil - akademik, professorlar gənclərin mövzularını qəbul etmirlər: "Sanki, yaşlılar yeniliyi dərk etmək istəmədiyi üçün, bəzən məcbur edirlər ki, gənclər onların bildikləri qədər olan elmi mövzuya toxunsunlar. Yəni, nəsillərin texnoloji biliklərində fərq var. Ona görə də gənc alimlər tədqiqat işi aparanda çətinlik törənir. Gənclər əksər vaxtı tamam yeni mövzulara toxunmaq istəyirlər. Bu anlaşılmazlığın nəticəsidir ki, gənc alimlər sanki ruhdan düşür. Digər tərəfdən də elmi fəaliyyət də vəsait tələb edir. Ancaq gənc alimin maddiyatı kifayət etmir ki, bütün bu xərcləri ödəsin. Ona görə də elmə həvəssizliyin yaranmasında iqtiadi amil əsasdır. Yəni, maddi imkansızlıq gəncləri elm sahəsinə meylləndirmədən çəkindirir". Almaz Həsrətin fikrincə də, müəllimlərə dövlət qulluğu statusunun verilməsi problemin həllində kömək ola bilər.

Digər təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, gənclik özünün elmi axtarışlarının məhsulunu əvvəlcədən görə bilmir: "Ümid etmir ki, ciddi elmi axtarışların müəllifi kimi meydana çıxsa, lazimi şəkildə bəhrəsini görməyəcək".