Bakıda Avrasiya Sosial Elmlər Forumu keçirilir

20 Dekabr 2013 12:33 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) II Avrasiya Sosial Elmlər Forumu işə başlayıb.

 "APA-Economics"in məlumatına görə, iki gün davam edəcək forumu giriş sözü ilə açan Universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, tədbir ADİU, Türkiyənin Hacıtəpə Universiteti, Qırğızıstanın Manas və Əhməd Yasəvi universitetləri tərəfindən təşkil olunub.

Onun sözlərinə görə, Azərbaycan mühüm regional investora, beynəlxalq əmək bölgüsünün transformasiyası və beynəlxalq iqtisadiyyatın strukturunun yenidən qurulmasının fəal iştirakçısına çevrilir: "Azərbaycanın geo-iqtisadi əlaqələrinin dərəcəsi artır, coğrafiyası şaxələnir və müvafiq olaraq geo-iqtisadi nüfuzunun arsenalı güclənir. Avropa Birliyi ilə viza müqaviləsini imzalayaraq, Azərbaycan Avropaya milli maraqlarımızın – Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Cənubi Qafqazda geo-iqtisadi liderliyin möhkəmləndirilməsi maraqlarının tələb etdiyi qədər yaxınlaşıb. Azərbaycan digər ölkələr kimi türkdilli dövlətlərlə də bütün sahələrdə əməkdaşlıqda maraqlıdır".

Millət vəkili bildirib ki, bugünkü tədbirin məqsədi türkdilli dövlətlərin iqtisadiyyat sahəsində səylərini genişləndirmək, bu istiqamətdə mövcud vəziyyəti müzakirə etməkdir".

Ş.Hacıyevin sözlərinə görə, türkdilli ölkələrlə qarşılıqlı ticarət əlaqələrinə baxsaq, reallıq bu ölkələrin mövcud potensialı əks etdirmir: "Bütün elm adamları, iş adamları və dövlət nümayəndələri ölkələr arasında qarşılıqlı ticari bazasının daha möhkəm formalaşması üçün əlindən gələni etməlidir".

Hacıtəpə Universitetinin prorektoru Cem Saranc isə bildirib ki, Türkiyə Avropa ölkələrində olduğu kimi, Orta Asiyada da, xüsusilə qardaş türkdilli ölkələrdə böyük iqtisadi layihələr həyata keçirir: "Hədəfimiz isə dünyanın böyük iqtisadi mərkəzinə çevrilməkdir. Bunun üçün də bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".


Qeyd edək ki, forumda Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Ərəstun Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirinin müavini Meral Barlas və bir sıra yerli universitetlərin rəhbər şəxsləri iştirak ediblər.