Azərbaycandan İrana daha bir nota

30 May 2012 18:42 (UTC+04:00)

Azərbaycan İranda yoxa çıxan iki gənc şairin – Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi üçün bu gün bu ölkəyə üçüncü nota təqdim edib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib ki, nota XİN tərəfindən İranın Azərbaycandakı səfirliyinə təqdim olunub. 

"Azərbaycan adı çəkilən şəxslərin İranda saxlanıb-saxlanmaması, saxlanılıblarsa, bunun səbəblərinə aydınlıq gətirilməsini istəyib", - deyə XİN rəsmisi qeyd edib.

Elman Abdullayev deyib ki, nota cavablandırılmalıdır: "Ümumiyyətlə, bu hal 1962-ci ildə l konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müvafiq müddəalarına uyğun deyil və bu cür hallar iki ölkə arasında münasibətlərə xələl gətirə bilər".