Fermerlər yenə soyuducu kameralarda saxlama qiymətindən narazılıq edirlər

20 Dekabr 2013 17:15 (UTC+04:00)

Sahibkarlığa Kömək Milli Fondu artıq bir neçə ildir ki, regionlarda fermerlərin yığdıqları məhsulun qorunması üçün soyuducu kameraların, anbarların tikintisinə güzəştli şərtlərlə vəsait ayırır. Artıq bir çox regionlarda bu cür anbarların tikintisi reallaşadırılıb. Bəzilərində isə tikilməkdədir və ya tikilməsi nəzərdə tutulur. İndilikdə isə ölkədə olan bu cür soyuducu anbarlardan heç də  fermerlərin hamısı istifadə etmir. Bəzi təsərrüfatçılar belə anbarlarda məhsulun saxlanma qiymətinin yüksək olmasından narazılıq edirlər. Bu şəraitdə təkliflər səslənir ki, dövlət fermerlərə məhsullarını bel əanbarlarda saxlamaq üçün subsidiya ayırsın. 

Dövlətin belə kameraların qurulmasına kifayət qədər subsidiya ayırdığını deyən kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev soyuducu anbarların iri təsərrüfat sahələri üçün nəzərədə tutulduğunu, məhsulun isə ən çox ayrı-ayrı xırda təsərrüfatlarda toplandığını bildirdi:  "Əslində, dövlətin bu sahəyə subsidiya ayırması göz önündədir. Sahibkarlığa Kömək Milli Fondunun yardımı ilə regionlarda kifayət qədər saxlama anbarları tikilib. Lakin bu gün həmin saxlama kameralarının boş qalması göz önündədir. Fermerlər bundan səmərəli şəkildə istifadə edə bilmirlər. Belə halda, dövlətdən subsidiya verilməsi, yeni kameraların tikilməsi vəziyyəti dəyişməyəcək. Ona görə ki, kameralar iri sahibkarlıq üzərində cəmlənib. Məhsul isə xırda istehsalçılardadır. Ayrı-ayrı fermer təsərrüfatlarında toplanıb".

Ekspert ayrı-ayrı təsərrüfatçıların birləşərək şəxsi saxlama kameralarının yaratmalarına ehtiyac olduğunu düşünür: "Ona görə də, istehsalçıların özlərinin əmlakı olan saxlama kameraları qurula bilər. Bu da o halda ola bilər ki, istehsalçılar birləşsin. Məsələn, müəyyən sahədə olan məhsul istehsalçıları birləşərək bir saxlama kamerasına sahibi olurlar, öz məhsullarını da öz saxlama kameralarında saxlayırlar. Bu da o halda mümkündür ki, istehsalçı qurumları yaransın, kooperasiya hərəkatına start verilsin". 

Nizami Qarayev kameralardan istifadə olunmadığı halda bir müddət sonra ölkənin ərzaq tələbatının kənardan gələn məhsullar hesabına ödənəcəyini də söylədi: "Başqa bir yol ola bilər ki, istehsalçı resursları Azərbaycanda ciddi şəkildə inkişaf etsin.  Üçüncü bir yol da var ki, indi Azərbaycan höküməti bu yolla gedir, bu da iri təsərrüfatların, iri istehsal müəssisələrinin yaradılmasıdır. Bildiyiniz kimi, bu gün Dövlət Torpaq Fondunun nəzdində olan torpaqların bazasında iri istehsal müəssisələri, iri təsərrüfatlar yaradılır. Belə iri təsərrüfatların yaradılması ölkənin saxlama kameralarının məhsulla geniş şəkildə təmin olunmasına müəyyən töhfə verəcək. Amma bunlar nə qədər çox yaradılsa da, xırda fermer təsərrüfatlarında kameralar qurulmazsa, gələcəkdə də ölkənin ərzaq tələbatını müəyyən qədər kənardan gələn məhsullar təmin edəcək. 

Bundan başqa, məsələnin digər tərəfi də var ki, bu isə istehsal prosesinin özünün stimullaşdırılmasıdır. Anbarlar həm də, ölkədə kifayət qədər məhsul istehsal olunmadığından boş qalıb. Məhsul kifayət qədər olanda, saxlama prosesi elə həyata keçirilir ki, heç kim fermerə zəmanət vermir ki, əgər məhsul xarab olarsa, keyfiyyəti ilə bağlı ciddi problemlər yaranarsa, məhsul sıradan çıxarsa, sahibkara dəyən ziyan ödənəcək. Bu məsələ sual altında qalır. Həm də bu səbəbdən saxlama kameralarından istifadəyə ehtiyac var". 

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda soyuducu kameraların qiymətinin baha olmasını bu sahədə rəqabətli mühitin olmaması ilə bağlayır:  "Regionlardakı soyuducu anbarlar dövlət tərəfindən tikilir. Bu ya regionların inkişaf proqramı çərçivəsində, ya da kiçik və orta biznesə yardım fondlarının proqramlarının çərçivəsində həyata keçirilir. Soyuducu kameraların qiymətinin yüksək olması onunla əlaqədardır ki, bu sahədə hələ rəqabətli mühit yaranmayıb". 

Ekspert dövlətin bu sahəyə xüsusi müdaxiləsinə ehtiyac olduğunu və bu sahədə təşviq proqramlarının hazırlanmasının, investorlara güzəştlər edilməsinin həll yolu ola biləcəyini bildirdi:  "Dövlətin bura müdaxiləsi mütləq lazımdır. Dövlət daha çox belə anbarların tikilməsinə və daha çox kapital qoyuluşuna şərait yaratmalıdır. Təşviq proqramları həyata keçirilməlidir. Yəni, dövlət özü tikməsin, amma xüsusi investorlara çox aşağı faizlərlə, hətta faizsiz kredit versin, onları vergilərdən azad etsin ki, həm soyuducu kameraların sayı artsın, rəqabət çoxalsın, həm də qiymətlər aşağı düşsün".