Ucuz təhsil kreditələri almaq axır ki, mümkün olacaq

21 Dekabr 2013 07:13 (UTC+04:00)

Uzun müddətdir ki, qəbulu müşkülə çevrilən "Təhsil krediti haqqında" qanunun belə demək mümkünsə, bəxti nəhayət, açıla bilər. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın bu xüsusda tamamilə yeni bir vəziyyət yaradacağı gözlənir. Qeyd edək ki, sözügedən sənəd ümumiyyətlə, təhsil üçün ayrılan xərclərin miqdarının artırılmasına da xidmət edəcək.

Təhsilə isə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artıb. Sənəddə xərclərin aratrılması ilə bağlı qeyd olunur: "Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması nəzərdə tutulur. Bundan başqa, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq". Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması üçün isə onların illik əmək haqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulur.

Bununla yanaşı, qeyd edildyi kimi, təhsil kreditələrinə dair qanunun da qəbulunun tezləşməsi gözlənir. Çünki təhsilin inkişafi üzrə dövlət strategiyasının əsas hədəflərindən biri məhz bu məsələdir. Məlumdur ki, bu gün universitetlərdə, xüsusilə də özəl ali təhsil müəssisələrində təhsil haqqlırının yüksək olması çoxlarının tələbə olmaq arzusunu ürəyində qoyur. Mütəxəssislər deyirlər ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da güzəştli təhsil krediti sistemi tətbiq edilsə, problem öz həllini tapar. Təhsil kreditinin tətbiq edilməsi isə həm də universitetlərin maliyyə imkanlarının artmasına təkan verəcək. Bu istiqamətdə atılacaq digər bir addım isə maliyyə fondlarının yaradılmasıdır. Fondların yaradılması özəl sektorla universitetlər arasında əməkdaşlığı gücləndirməklə yanaşı, həm də universitetlərin dövlət büdcəsindən asılılığını azaldacaq. Təhsil sistemində tətbiq ediləcək digər bir yenilik isə ödənişli əsaslarla qəbul prosesindəki kvotanın ləğvidir. Bir çox universitetlərin maddi-texniki bazası imkan verir ki, daha çox tələbə qəbul etsin. Amma mövcud qəbul sistemi buna imkan vermir.

Ekspertlər hesab edir ki, tələbə qəbulu prosesinin azad olması universitetlərin məsuliyyətini artıracaq. Savadlı tələbə yetişdirməyən və standartlara cavab verməyən universitetlərin fəaliyyəti yəqin ki, dayandırılacaq.

Məlumdur ki, xarici ölkələrdə ali təhsil müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müstəqil mərkəzlər fəaliyyət göstərir. Yeni təhsil strategiyasında bu məsələ də nəzərə alınıb. Analoji qurumlar Azərbaycanda da yaradıla bilər. Lakin ən əsası güzəştli kredit sisteminin tətbiqi daha çox gəncin təhsil almasına imkan verəcək.

Onu da bildirək ki, "Təhsil krediti haqqında" qanun layihəsi hazırlanıb. Burada əhalinin aztəminatlı təbəqələri üçün keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi, keyfiyyətli ödənişli təhsilin beynəlxalq praktikada özünü doğrultmuş səmərəli maliyyələşdirmə mexanizminin yaradılması, keyfiyyətli ödənişli təhsilin maliyyə təminatına dövlət dəstəyinin gücləndirilməsi, bank sisteminin kommersiya maraqları ilə sosial məsuliyyətin tarazlığı şəraitində təhsilin keyfiyyətinin yaxşılaşdırılması əsas hədəflərdən biridir.

Onu da qeyd edək ki, beynəlxalq praktikada təhsilə sərmayə qoyuluşunda həmin ölkənin gələcəyi naminə dövlət və təhsil alan şəxslə yanaşı, digər tərəflər də iştirak edir. Təhsil kreditlərini banklar, müxtəlif dövlət qurumları, təşkilatlar, xeyriyyə cəmiyyətləri və zəngin insanların müvafiq qurumlara maliyyə dəstəyi vasitəsilə verilir. Hazırlanan qanun layihəsində də həmin üsulların heç birini inkar etmədən Təhsil Kreditləri Fondu vasitəsilə dövlət və bankların kredit verməsini nəzərdə tutulur. Təhsil üçün ayrılacaq vəsait tələbələrin əlinə verilməyəcək, təhsil krediti universitetlərin müəyyən fondunun hesabına köçürüləcək. Bundan başqa, təhsil kreditlərinin iki formada verilməsi təklif olunur: kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri. Lakin qanun layihəsinin hazırlanmasından uzun müddət keçsə də onun qəbulundan heç bir xəbər yoxdur. Bununla belə qeyd olunduğu kimi, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil kreditələrinə dair qanunun da qəbulunu tezləşdirə bilər.