Rza Zərrabın iranlı ortağının kimliyi məlum olub

22 Dekabr 2013 18:56 (UTC+04:00)

Türkiyədə rüşvət əməliyyatında həbs olunan iş adamı Rza Zərrabın İranlı ortağının adı məlum olub. İran mətbutatı bu şəxsin Babək Zəncani olduğunu irəli sürüb.

İranın zəngin iş adamı olan Babək Zəncaninin sərvətinin məbləğinin 13,5 milyard dollar olduğu bildirilir.

Qonşu ölkə mətbuatının iddiasına görə, Babək Zəncani ötən həftə İran Mərkəzi Bankına 2,8 milyard dollar ödəmə edib.

Belə ki, beynəlxalq sanksiyalara baxmayaraq, Babək Zəncaninin şirkətləri İran neftini xaricə satıb. Və 2,8 milyard dollar ödəmə də xam neftə görə edilib.

Babək Zəncani ilə Rza Zərrab arasında biznes əlaqələri birinciyə məxsus olan "Sorinet Holdinq" vasitəsi ilə həyata keçirilib. Xüsusi ilə də Rza Zərrabın İranla ticarət əlaqələri bu holdinq vasitəsi ilə həyata keçirildiyi bildirilir.

Rza Zərrabın verdiyi ilkin ifadələrində "müştərilərimin birinin adı B.Z." – göstərməsi ilə İran mətbuatı bu səxsin Babək Zəncani olduğuna heç bir şübhə qalmadığını iddia edib.

İran mətbuatı Babək Zəncaninin zəngin iş adamı olmasına baxmayaraq, ölkədə o qədərdə tanınmadığını yazıb.

Ötən ilin fevral ayında İrandakı Sosial Sığortalar Təşkilatı ilə əlaqədar sui-istifadə iddiaları ilə əlaqədar Babək Zəncaninin adı tez-tez hallanmağa başlayıb.

Məlumata görə, Babək Zəncani də Rza Zərrabla birlikdə həbs olunmalı imiş. Lakin onu Türkiyədə həbs etməyə müvəffəq ola bilməyiblər. Tez-tez Türkiyədə Rza Zərrabla görüşən iranlı iş adamı müxtılif sahələrdə böyük biznesə sahibdir.

İddialara görə, Babək Zəncani İran dövlətinin maraqlarını həyata keçirmək üçün ortaya çıxarılan uğurlu iş adamıdır. ABŞ-ın sanksiyalarına qarşı İranın əks addımı sayılan bu layihə üzərindən xarixə neft satılırmış. Həmçinin İranda istehsal olunan qızılın da dünya bazarına çıxarılması Babək Zəncani və Rza Zərrabın iş birliyi nəticəsində həyata keçirildiyi yayılan məlumatlar sırasındadır.


Türkiyədə həyata keçirilən həbslərin də ABŞ kəşfiyyatının sifarişi ilə həyata keçirildiyi iddia edilir. Belə ki, burada məqsəd İranın xarici ticarət əlaqələrini həyata keçiriən şəbəkəni zərərsizləşdirmək olub.