Azərbaycanda pensiya sisteminin inkişafına dair xüsusi konsepsiya hazırlanıb

23 Dekabr 2013 14:15 (UTC+04:00)

Azərbaycanda pensiya sisteminin inkişafına dair xüsusi konsepsiyasının layihəsi hazırlanıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırlanın sənəd artıq hökumətlə razılaşdırılaraq baxılmaq üçün Prezident Administrasiyasına təqdim olunub. Bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Elman Mehdiyev bildirib.

 

E.Mehdiyev qeyd edib ki, Konsepsiyada ölkədə qeyri-dövlət pensiya fondlarının yaradılması məsələsi də əksini tapıb. DSMF-nin bu sahədə beynəlxalq təcrübəni öyrəndiyini deyən Fondun sədrinin sözlərinə görə, qlobal maliyyə böhranı fonunda dünyada müşahidə olunan sosial-iqtisadi tendensiyalar da nəzərə alınır: "DSMF bu istiqamətdə təkliflər üzərində çalışır. Fond tərəfindən hazırlanmış layihə Avropa Birliyi tərəfindən təsdiq olunur. İlk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün bu pensiya fondlarına yığım, yığıma nəzarət, pensiyaların hesablanması və bu sahəyə dövlət nəzarəti qaydaları hazırlanmalıdır. Hazırda bu istiqamətdə iş aparılır".

 

DSMF başçısı əlavə edib ki, bu sahədə müvafiq qanunvericilik aktları qəbul edildikdən və qaydalar təsdiqləndikdən sonra Azərbaycanda qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq.