“F-16” təyyarələrinin alınması yenidən gündəmdədir

25 Dekabr 2013 07:28 (UTC+04:00)

Məlumdur ki, bu gün hər bir ölkə öz arsenalında xüsusi taktiki-texniki göstəricisi ilə fərqlənən "F-16" qırıcı-bombardmançısının da olmasını istəyir. Ancaq hələlik həmin təyyardən 25-ə yaxın ölkə istifadə edir. "F-16" təyyarələrinin Azərbaycanın da hərbi aviasiyasının tərkibində olmasının zərurilyi barədə dəfələrlə fikirlər səsləndirilib. Hətta bəzi hallarda belə iddialar da olub ki, Azərbaycan artıq həmin təyyarələri öz silah arsenalına daxil edib.

Lakin sonradan bu iddialar rəsmi təsdiqini tapmayıb. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına xeyli sayda müasir döyüş təyyarəsi daxildir. Lakin onların sırasında "F-16" və qərb istehsalı olan digər müasir təyyarələrin də daxil edilməsi aktuallığını qoruyur.

Mütəxəssislərin fikrincə, "F-16" və digər Qərb istehsaıl olan qırıcıların, bombardmançı təyyarələrin hərbi aviasiyaya daxil edilməsi yaxın gələcəyin işi ola bilər. Bunun üçün həm də ilkin olaraq, kadr hazırlığı lazımdır.

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirir ki, "F-16" təyyarəsinə həmişə ehtiyac var: "Amma indiki şəraitdə bu, Azərbaycan üçün həm mütəxəssislərin hazırlanması, həm də maliyyə baxımından o qədər də uğurlu bir seçim olmazdı. Hətta, almaq istəsək belə, vəsaitin xeyli hissəsi "F-16" təyyarəsinə gedəcək. Ancaq bu gün, Azərbaycanın hərbi hava qüvvələrində kifayət qədər təyyarələr, vertolyotlar var ki, onlar daxili tələbat üçün yetərlidir. Ona görə də "F-16" təyyarəsi gələcəyin söhbətidir. Yəqin ki, ən aşağısı 5-10 ildən sonra Azərbaycan arsenlına həmin təyyarəni qəbul edə bilər".

Ekspertin fikrincə, burada ilk öncə kadr hazırlığı olmalıdır: "Çünki, "F-16" təyyarəsi həddindən artıq bahalı texnikadır. Bu gün alaq və sabah onun qəzası və ya yetərincə istifadə edə bilməməyimiz bizə baha başa gələ bilər. Ona görə də bu məsələdə diqqətli olmağımız lazımdır. Hər tərəfli hazırlıq işi görülməli, ondan sonra bu iş həyata keçirilməlidir".

Üzeyir Cəfərov onu da qeyd etdi ki, ümumiyyətlə, aparıcı dövlətlərin arsenalında təkcə "F-16" təyyarəsi yox, Fransanın, İsrailin istehsalı olan təyyarələr, birgə istehsal olunan təyyarə və vertolyotlar olur: "Bu gün Azərbaycan silahlı qüvvələrində olan "MİQ"lər, "SU"lar kifayət qədər ölkəmizin relyefinə, imkanlarına uyğun texnikadır. Ona görə də hələlik üzərimizə düşən vəzifələri yerinə yetirə bilirik. Əgər bir gərgilik olarsa, siyasi və hərbi rəhbərlik bu istiqamətdə müyyən addımlar atacaq".

Digər hərbçi-ekspert Emin Həsənli bildirdi ki, Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq edir və ən müasir texnikaların alınmasında həmişə maraqlıdır: "Bu gün bizim hərbi hava hücumundan müdafiə, artilleriya, quru qoşunlar, rabitə sistemimiz günün tələblərinə cavab verir. Bu da təbiidir. Azərbaycan öz təhlükəsizliyini öz gücünə təmin edir. Eyni zamanda, dünyanın ən müasir aviasiya sisteminin ölkəmizdə olmasında da Azərbaycan maraqlıdır. Odur ki, yaxın gələcəkdə "F-16" təyyarəsinin alınması məsələsinə baxıla bilər. Yəni, Azərbaycan öz ordusuna həmin təyyarələri qəbul edə bilər. Ancaq indinin özündə bizdə çox müasir hərbi təyyarələr var. Rusiya, Ukrayna, Belarusiya, Türkiyə və digər ölkələrdən helikopterlər, təyyarələr almışıq".