"Avtovağzal"da eskalatorlar quraşdırılır

25 Dekabr 2013 10:33 (UTC+04:00)

Metro stansiyada döşəmə və divarlarının mərmər-qranit təbəqəsi qoyulub, çıxışların tavanları şpaklyovka olunur

Metropolitenmin inşaat işləri yekunlaşmaq üzrə olan 3-cü xəttin başlanğıc stansiyası "Avtovağzal"da avadanlıqların, o cümlədən eskalator və travolatorların quraşdırılmasına başlanılıb.

Eskalator və travolatorlar Almaniyanın "Tüyssen Krupp" ("Thyssen Krupp") şirkətinin məhsuludur. Bundan əvvəl, alman şirkətinin eskalatorları "İçərişəhər", "Azadlıq prospekti", "Dərnəgül", "Koroğlu" və "28 May" stansiyalarında quraşdırılmışdı.

25 il istismar müddəti olan "Tugela" tipli esklatorlar yığcamlığı, xidmət göstərilməsinin asanlığı, zərbələrə davamlığı ilə seçilir. Onlar Sovet dövründə istehsal olunmuş analoqları ilə müqayisədə daha etibarlı və təhlükəsizdirlər. Sürəti Avropa standartlarına uyğun, həm də səssiz-küysüz və titrəyişsizdir. Eyni zamanda, estetik görkəmi ilə də seçilir.


Metropolitenimizin tarixində ilk dəfə travolatorlardan "Avtovağzal"da istifadə olunacaq. Üfüqi vəziyyətdə hərəkət edən "Orinoko" tipli bu sərnişin konveyeri uzun tunellərdə rahat hərəkət vasitəsidir. Bu mənada əlil və uşaq arabaları ilə hərəkət edənlər, yaşlılar, fiziki imkanı məhdud insanlar üçün travolatorlar ən əlverişli hərəkət vasitəsidir. Onlar da, eskalatorlar kimi, səs-küysüzdür, titrəyişsizdir və buna görə istifadə zamanı maksimal komfortu təmin edir.


Stansiyada görülən digər işlərə gəlincə, döşəmə və divarlarının mərmər-qranit təbəqəsi qoyulmuş platformanın, həmçinin 2-ci və 6-cı çıxışların tavanları şpaklyovka olunur. 1-ci vestibüldə tavanın metal konstruksiyası quraşdırılır. 5-ci və 6-cı çıxışda həm də pilləkənlərin yan divarlarının mərmər təbəqəsi döşənir. Xidməti otaqlarda isə son tamamlama işləri davam etdirilir.