“Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir”

31 May 2012 11:35 (UTC+04:00)

"Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir. Sənaye istehsalı artır, yeni müəssisələr açılır". APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan–Culfa magistral avtomobil yolunun açılışındakı çıxışında deyib.

Ümumi daxili məhsul artmasını vurğulayan prezident bildirib ki, inkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir.Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı böyük rəqəmlərlə ölçülür. İlin birinci rübündə ölkənin qeyri-neft sənayesində 16 faizdən çox artım olub. "Son səkkiz il ərzində ümumi daxili məhsul üç dəfə artıb və növbəti on il ərzində daha iki dəfə artırmalıdır. Xüsusilə qeyri-neft sektorunun hesabına".

Prezident vurğulayıb ki, buna nail olmaq üçün hazırda böyük proqramlar hazırlanır. Bu məsələ ilə bağlı konkret tapşırıqlar verilib və bütün bölgələrdə inkişaf, quruculuq, abadlıq işləri aparılır.

Naxçıvanın inkişafı barədə danışan prezident bildirib ki, açılışı qeyd olunan Naxçıvan-Culfa magistral yolu və iki il bundan əvvəl istifadəyə verilən Naxçıvan-Sədərək avtomobil yolu Naxçıvanı tranzit mərkəzə çevirəcək. Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcək.

O bildirib ki, Naxçıvanda digər infrastruktur layihələri uğurla icra edilir. Bələ ki, Naxçıvan 100 faiz qazlaşdırılıb, elektrik enerjisi ilə təchizat çox yüksək səviyyədədir. Hal-hazırda respublikada, bütün şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələrin gələn ilin sonuna qədər başa çatması nəzərdə tutulub. Dövlət başçısı bildirib ki, təhsil, səhiyyə ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvan Şəhər Xəstəxanasının yenidən qurulması layihəsi işlənilir.

O vurğulayıb ki, respublikanın müdafiəsi, döyüş qabiliyyəti çox yüksək səviyyədə təşkil olunub. Hava hücumuna qarşı qurğular yerləşdirilib, müasir artilleriya qurğuları gətirilib.

Respublikanın kənd təsərrüfatı sahəsində konkret proqramlar icra olunur. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir və bu da ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacibdir.