Bank faizləri yenə problemlərə yol açır

26 Dekabr 2013 09:58 (UTC+04:00)

Kommersiya bankları tərəfindən verilən kreditlərə kifayət qədər yüksək faiz dərəcələri tətbiq olunması barədə dəfələrlə məlumat verilsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Əvvəlki illərlə müqayisədə uçot dərəcəsinin aşağı salınması da kredit faizlərində enmələrə təkan verməyib. Məlumatlara görə, hazırda Azərbaycanda kreditlərin həcmi təxminən 13,3 milyard manatdır. Kredit dərəcələri isə hətta 36%-ə qədər ola bilir. Faiz dərəcələrinin yüksək olması isə problemli kreditlərin həcminini günbə-gün artırır. Ekspertlər faizlərin aşağı salınması üçün müxtəlif varinatlar irəli sürürlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, ölkədə faiz dərəcələrini yüksək olması maliyyə alətlərinin azlığı ilə bağlıdır: "İkincisi, maliyyə bazarında investisiya vəsaitlərinə olan tələbin qarşısında təklifin həcmi azdır. Digər məsələ onunla bağlıdır ki, bu gün kredit ödəmələrində risklərin azaldılması baxımından kredit faizlərini yüksək saxlayırlar. Çünki, banklar ödəmə qabiliyyəti yüksək olan müştərilərin üzərinə tətbiq olunduğu yüksək faiz dərəcələri hesabına riskləri aradan qaldırırlar. Ancaq faiz dərəcələrini yüksək olması cəmiyyətdə bir sıra problemlər yaradır. İlk növbədə haqsız gəlirin əldə edilməsinə şərait yaranır. Yüksək faiz dərəcələri borcdan qurtulmamaq, girovun əldən çıxması, sosial vəziyyətin daha da aşağı düşməsi kimi mənfi nəticələrə gətirib çıxarır. Əgər sahibkarlıq subyektləri yüksək faizlə kredit götürürsə, iqtisadi fəaliyyətdə son faydalılığın aşağı düşməsinə şərait yaranır. Hətta bəzi şirkətlərin müflisləşməsinə yol aça bilir".

İqtisadçının fikrincə, bu kimi problemlərin aradan qaldırılması üçün, Azərbaycanda faizsiz kredit üsulu geniş yayılmalıdır: "Həmçinin maliyyə alətləri artırılmalıdır. Bir sıra ölkələrdə istifadə olunan qarşılıqlı, şərikli maliyyəlşmə metodlarından istifadə etmək lazımdır. Həm də səhm bazarı inkişaf etsə, gələcəkdə kredit faizlərini aşağı düşməsinə rəvəc verə bilər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimova kredit faizlərinin yüksək olmasında ilk növbədə banklar arasında rəqabət qabiliyyətinin aşağı olmasında görür: "Belə ki, müştərilər bankı deyil, banklar müştəriləri seçir. Bunun öz səbəbləri var. 2013-cü ildə problemli kreditlərin həcmi artıb və buna görə də müştəri seçimində banklar daha çox seçici yanaşmadan istifadə etməyə çalışırlar. Bu isə öz növbəsində faiz dərəcələrinin yüksək olmasına səbəb olur. Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanda bank kreditləri 18-32% arasında dəyişir. Belə ki, kredit məbləği artdıqca bank faizləri aşağı düşür. Yalnız sadələşdirilmiş ipoteka və kiçik sahibkarlığın inkişafı üçün ayrılan kreditlər 4%-dir. Digər tərəfdən, Mərkəzi Bankın yerli banklar üçün ayırdığı kredit portfelinin də həcmi kiçikdir. Bu isə bankları xarici banklardan kreditlər cəlb etməyə vadar edir. Eyni zamanda, banklar kreditləri birbaşa deyil, vasitəçilər ilə əldə etdiklərindən həmin kreditlərin faiz dərəcələri yuxarı olur. Bu isə öz növbəsində bankların verdiyi istehlak və ya biznes kreditlərinin faiz dərəcələrinə təsir edir. Başqa bir məsələ isə banklara əmanətlərin cəlb edilməsidir. Belə ki, ən yaxşı halda banklar əmanətləri 8-10%-lə qəbul edirlər. Lakin qeyd etmək lazmdır ki, əmanətçilərin sayının və banka yatırılan məbləğin böyük vəsaitlər olmasından danışmaq olmaz. Burda da balans pozulub. Əmanətçidən aşağı faizlə cəlb edilən məbləğ 3 dəfədən faizlə başqa bir müştəriyə verilir".

Xanım İbrahimova ölkədə kredit dərəcələrinin aşağı salınması üçün bildirdi ki, ilk öncə, Mərkəzi Bankdan banklara ayrılan vəsaitlərin həcmi artırılmalıdır: "Bu, bankların kredit vəsaitlərinin artmasına səbəb olacaq və banklar digər mənbələrdən baha başa gələn kreditlər cəlb etmək məcburiyyətində qalmayacaqlar.Eyni zamanda, Dövlət Neft Fondundan banklara aşağı faizlə vəsaitlərin ayrılması bank fazilərinin azalmasına öz müsbət təsirini göstərər".