Gürcü larisi manat qarşısında daha sürətlə dəyərdən düşməyə başlayır

26 Dekabr 2013 11:54 (UTC+04:00)

Son günlərdə Gürcüstanın milli valyutası olan larinin xarici valyutalar qarşısında ciddi məzənnə itkisinə məruz qaldığı müşahidə olunur. Gürcüstanda kifayət qədər işlək sayılan manat da  larinin dəyərdən düşməsi fonunda daha çox dəyər qazanır. Lari dollar və avroya nisbətən də ucuzlaşır. Manata nisbətən Gürcüstan pulunun dəyər itirməsi isə Azərbaycanla qonşu ölkənin ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək. 

Larinin dəyərdən düşməsinin Gürcüstan höküməti tərəfindən həyata keçirilən bir siyasət olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti  Rəşad Həsənov saytımıza verdiyi açıqlamada bunun Azərbaycan-Gürcüstan ticarətinin genişlənməsinə səbəb ola biləcəyini bildirdi: "Gürcüstan larisinin dəyərdən düşməsi, ümumiyyətlə, Gürcüstanda ixracın stimullaşdırılmasına, ixracın çoxalmasına şərait yaradacaq. Gürcüstan istehsalının artmasına, Azərbaycan-Gürcüstan ticarətinin genişlənməsinə gətirib çıxaracaq. Çox güman ki, Gürcüstanın yeni höküməti özü bu istiqamətdə siyasət həyata keçirir. Çünki, bir çox dünya ölkələri öz valyutalarının möhkəmlənməsində deyil, ucuzlaşmasında maraqlıdırlar. Çünki, bu ixracı stimullaşdıran önəmli amillərdən biri hesab olunur ki, ölkədən ixrac olunan məhsulların qiyməti dünya bazarlarında digər məhsullara nisbətən daha üstün mövqeyə, daha asan rəqabət imkanına malik olsunlar. Gürcüstanın Azərbaycanla ticari münasibətlərinə diqqət edilsə, məlumdur ki, Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsullar var. Gürcüstan Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ötən il Azərbaycana təxminən 600 milyon dollar civarında məhsul ixrac olunub.  Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsullar isə ən çox ət məhsulları və avtomobil, yaxud avtomobil hissələri hesab olunur. 

Bildiyim qədər, son zamanlar Gürcüstandan avtomobil idxalına müəyyən məhdudiyyətlər qoyulub.  Gürcüstan larisinin isə qiymətdən düşməyi qanuna uyğun olaraq, idxalı artırmalıdır". 

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə, larinin dəyərdən düşməsinin xüsusən Gürcüstandan gətirilən kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcəyini söylədi: "Gürcü larisinin dəyərdən düşməsi Azərbaycan-Gürcüstan münasibətlərinə təsir göstərə bilər. Xüsusən də kənd təsərrüfatı məhsullarının, bostan məhsullarının idxal qiymətlərinə təsirsiz ötüşməyəcək. Larinin dəyərdən düşməsi həm Gürcüstandan idxal olunan məhsulların qiymətinə, həm də Azərbaycandan Gürcütana ixrac olunan məhsulların qiymətlərinə təsir göstərə bilər. Odur ki, hər hansı ölkə daxilində milli valyutanın dəyərdən düşməsi, ucuzlaşması anoloji olaraq həmin mövqedə ticarət tərəfdaşlığı olan xarici ölkələrin təmsilçiləri olan biznes qurumlarının subyektlərinə də təsir göstərir. Bu isə ümumilikdə ölkənin iqtisadiyyatına, xüsusilə daxili bazarda qiymətlərə təsirsiz ötüşmür".