Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bayramda gücləndirilmiş iş rejimində işləyəcək

26 Dekabr 2013 13:01 (UTC+04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bunu Trend-ə stansiyanın baş həkimi Mürsəl Həmidov deyib. Onun sözlərinə görə, bayram günlərində təcili yardım stansiyalarına edilən çağırışların sayı artır. Bunu nəzərə alaraq, tibbi briqadaların sayı, dərman təchizatı artırılır, işə nəzarət gücləndirilir. Bununla da BŞTTTYS müraciətləri vaxtında yerinə yetirməyə çalışır.

Çağırışların sayının artmasının əsas səbəbini izah edən M.Həmidov deyib ki, bayramla əlaqədar dekabrın 31-dən yanvarın 7-dək ambulator poliklinika müəssisələri fəaliyyət göstərməyəcək: "Əhali onsuz da təcili tibbi yardım stansiyalarına üstünlük verir. Bu günlərdə isə təcili yardıma daxil olan müraciətlərin sayının artma ehtimalı olduğundan biz bunu əvvəlcədən nəzərə almışıq".