Bakı bulvarında möhtəşəm yenilik
26 Dekabr 2013 22:18 (UTC+04:00)
Dənizkənarı Bulvar İdarəsi dəniz gəzintisi üçün
yeni nəhəng gəmi alıb. Dəniz gəzintisi üçün nəzərdə tutulan
"Mirvari" adlı bu gəmi dekabrın 28-31-i arası vətəndaşların
istirahəti məqsədilə istifadəyə veriləcək.
Bu barədə Trend-ə
açıqlamasında İdarənin rəis müavini Nazim Məcidovbildirib.
Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin
sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə
digərlərindən çox fərqlənir:
"3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 250
nəfər səhayət edə biləcək. Gəminin digər fərqli cəhəti ondan
ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat
hərəkət etmək olacaq. Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və
insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr
edə biləcəklər. Bundan əlavə, gəminin içində "fast food" deyilən
tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif
olunacaq, insanlar istirahət edərkən musiqi dinləyə və videolara
baxa biləcəklər. Digərlərinə nisbətən yeni gəmidə gəzintinin vaxtı
uzadılaraq 40-50 dəqiqəyə çatdırılacaq".
N.Məcidov qeyd edib ki, "Mirvari"də dəniz səyahəti
etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib. Belə ki,
5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşından böyük
şəxslər üçün isə 3 manat olacaq.
Qeyd edək ki, Türkiyə istehsalı olan "Mirvari"
gəmisi artıq Xəzər dənizinə gətirilib və bulvarda sahilə yan
alıb.