27 Dekabr 2013 07:59 (UTC+04:00)

Ərzaq məhsullarının qiymətində qeydə alınan artım son günlərdə cəmiyyətdə əsas müzakirə predmetlərindən birinə çevrilib. İndi maraq doğuran məsələlərdən biri də, yaşanan qiymət artımının Azərbaycan vətəndaşının qida rasionunda yer alan əsas məhsullardan olan ətin bahalaşb-bahalaşmayacağıdır.

Əksər ekspertlər ətin qiymətində cüzi də olsa artımların ola biləcəyini istisna etmir. Səbəb isə rayonlardan kəsilmək üçün Bakıya gətirilən heyvanların daşınma xərclərinin artması, həmçinin, yemin qiyməti ilə bağlıdır.

O da vurğulanır ki, ətin maya dəyərinin formalaşmasında əsas paya yemin dəyəri sahibdir. Yem məsələsində isə yerli istehsalın həcmi o qədər də yüksək deyil. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov da qeyd edir ki, Azərbaycanda mal-qaranın yemlə təmin olunması ilə bağlı mövcud tələbat dolğun ödənilmir. Hazırda ölkədə faktiki olaraq 25 min ton həcmində qarışıq yem istehsal olunur: "Ölkədə silosluq qarğıdalı, günəbaxan, yem çuğunduru, soya, raps əkilmir. Nəticədə, heyvanların yemə olan tələbatı yalnız 30% ödənilir". Şöbə müdirinin fikrincə, yem istehsalı sahəsi olduqca gəlirlidir: "Lakin bu sahənin inkişaf etməsi üçün fermerlərə subsidiyalar verilməlidir. Bu cür yardım olmasa, nə yem, nə də mal-qara olacaq". Heyvandarlıq sahəsində məhsul istehsalının intensiv şəkildə artımına nail olmaq üçün yem bitkilərindən soya, sorqo, qarğıdalı, günəbaxan, yem çuğunduru və raps əkinlərinin genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Nazirlik rəsmisi hesab edir ki, Azərbaycan yem istehsalı sahəsində Türkiyənin geniş təcrübəsindən istifadə edə bilər: "Məsələn, Türkiyədə yoncanın hər hektarına görə dörd ildən bir 1 500 lirə həcmində subsidiya verilir".

Qeyd edilənlərdən belə məlum olur ki, yem idxalına ölkədə hələ də böyük ehtiyac var. Dünya bazarlarında isə yemin bahalaşması müşahidə olunur. Bu vəziyyət isə son nəticədə Azərbaycana da təsirsiz ötüşməyəcək.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ölkədə iribuynuzlu heyvanın sayının çox olması da yem istehlakının həcminin artmasına səbəb olur. Elə Çingiz Fərəcov da qeyd edir ki, Azərbaycanda heyvandarlıq sektoru ekstensiv şəkildə inkişaf edir. Onun sözlərinə görə, hazırda ölkədə 2,712 milyon baş iribuynuzlu heyvan var. Lakin bu qədər heyvanın saxlanılmasına ehtiyac yoxdur. Nazirlik rəsmisi bildirir ki, ölkədə torpaq və yem az olduğundan, heyvanların sayı da azaldılmalıdır. Əvəzində isə onların məhsuldarlığı artırılmalıdır: "İnək və camışlardan ildə 2500-3000 kq süd almaq şərti ilə, iribuynuzlu heyvanların sayını 1,8 milyona salmalıyıq". Qeyd edək ki, Azərbaycanda hər bir adam ildə orta hesabla 33,2 kq ət, 250 kq süd və 133 ədəd yumurta istehlak edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən isə, il ərzində adambaşına 70,1 kq ət, 359,9 kq süd və 243 ədəd yumurta istehlak olunmalıdır.

Bundan başqa, hazırda Azərbaycanın istehlak bazarında satılan südün əsas hissəsi ölkəyə idxal olunan məhsulun payına düşür. Bu gün Azərbaycanda 2,7 milyon baş iri buynuzlu heyvan saxlanılır, il ərzində təxminən 1,7 milyon ton süd sağılır və 55 süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu rəqəm qənaətbəxş hesab olunmur və nəticədə yerli ticarət şəbəkəsində satılan süd məhsullarının 30%-i yerli istehsala aiddir, qalan 70%-i isə idxal malları təşkil edir. Çingiz Fərəcov bu xüsusda qeyd edir: "Nəzərə alsaq ki, adambaşına 72 litr süd istehlak edilməlidir, o zaman bu sahədə fəaliyyət göstərən yeni istehsal müəssisələrinin yaradılmasına böyük ehtiyac olduğu diqqət çəkir".

Bütün bu qeyd edilənlər isə heyvandarlıq sahəsində hələ görülməli xeyli işin olduğunu üzə çıxarır. Əks halda, bu sahədə idxaldan asılılıq qalmaqda davam edəcək. Xüsusən də yem sahəsində fermerlər üçün subsidiyaların tətbiq olunması vacib sayılır. Onu da qeyd edək ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"ında ölkənin idxaldan asılılığını azaltmaq üçün bir neçə hədəf müəyyənləşib. Onlardan biri də süd və süd məhsulları istehsalının artımıdır. 2015-ci ilə qədər ölkədə süd və süd məhsullarının istehsalının 2.5 milyon tona çatması əsas hədəf kimi götürülüb. Bu məqsədə aparan yollardan biri də heyvandarlığın tərkibini xarici cins heyvanların hesabına yaxşılaşdırmaqdır. Lakin belə heyvanlara da çox ciddi qulluq, kalorili yem istəyir. Bunun üçün yem bazasını yaxşılaşdırılması da olduqca mühüm önəm kəsb edir.