2020-ci ildə əhali bütün xidmətləri "Elektron-Hökumət"dən alacaq

27 Dekabr 2013 12:36 (UTC+04:00)
"2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin bütünlüklə "Elektron Hökumət" vasitəsilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tululub." Bunu YAP Siyasi Şurasının üzvü, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda keçirilən konfransda deyib. O, bir çox məsələlərə toxunaraq həmçinin bildirib ki, bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında 70 faizlik göstərici ilə birinci yerdədir. Azərbaycanda İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, hədəf ümumi daxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə çatdırmaqdır. Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılıb. Ümumiyyətlə telekommunikasiya, internet və radio-televiziya yayım infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir. Rabitə və informasiya texnologiyaları naziri qeyd etmişdir ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir.