Müğənni hesabat verdi -VİDEO

27 Dekabr 2013 15:55 (UTC+04:00)

Vokal ifaçı Lətifə Soyuöz media nümayəndələrinə 2013-cü ilin hesabatını verdi. Movqe.az-ın məlumatına görə, ifaçı artıq bitmək üzrə olan ilin uğurlu günlərindən söz açdı. Lətifə 2013-cü ili olduqca məhsuldar keçirib. O, yaradıcılığında bundan sonrakı illərdə də müzakirə olunacaq iki böyük layihəni həyata keçirib.

İlin əvvəlində ifaçı söz və musiqisi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus olan "Hədəf" əsərini ərsəyə gətirdi və ona ekran həyatını rejissor Anar Hüseynov verdi. Sözügedən klip ölkəmizdə olduğu kimi xaricdə də böyük marağa səbəb oldu. Məhz "Hədəf" klipindən sonra Lətifəyə digər ölkələrdən müxtəlif təkliflər gəldi: " "Hədəf" sözün əsl mənasında ömrümün hədəfini müəyyən etdi. Məhz bu mahnı və klipdən sonra daim yaxşı işlər görəcəyimə söz verdim".

Gələn təkliflər sırasında ən uyğunu və Lətifənin qəbul etdiyi məşhur "Manga" qrupundan aldığı duet istəyi oldu: " Nəhəng "MTV" mükafatının və az qala bütün dünyanın sevdiyi "Manga" qrupundan iş birliyi təklifi alanda anladım ki, "Hədəf"ə doğru düzgün addımlayıram. Ardınca digər xarici ölkələrdə konsert proqramı ilə çıxış etmə təklifi də təsadüfi olmadı. İlk addımlarımın uğurlu nəticə verdiyinə çox sevinirəm".

İlin davamında Lətifə bir çox veriliş və tədbirlərdə çıxış edib medianın da sevgisini qazandı: "Komanda yaxşı olanda işlərin "yağ" kimi gedir. Piar menecerim sayəsində sənətçilərin yaradıcılığında kifayət qədər önəmli rol oynayan media mənsubları ilə daha yaxından tanış olub, onların da rəğbətini qazandığım üçün çox xoşbəxtəm. Burdan hər bir Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirirəm".

Soyuöz ilin sonunda lap az qalmış daha bir layihə ilə yaradıcılığına silinməz möhür vurdu. Sözləri İlham Abduyevin, musiqisi Naibə Şahməmmədovanın, aranjemanı isə yenə də Yaşar Baxışın olan "Məhkəmə" adlı mahnı da ekran həyatı gördü. Lətifənin komandasından əvəzsiz yeri olan rejissor Anar Hüseynov növbəti sözünü məhz "Məhkəmə"də dedi: "Bu layihədə 80 nəfər insan çalışıb. Onlardan 50 nəfəri aktyor heyəti idi ki, geyimləri və qrimləri özəl olaraq hazırlanmışdı. Klipdə tərəf müqabilim çox hörmət bəslədiyim ifaçı və bəstəkar Rəhim Rəhimli idi. Burada da "Hədəf"də olduğu kimi xüsusi geyimlərimiz tanınmış modelyer Renat Ramazanova məxsus idi".

Lətifə onu da qeyd etdi ki, 2014-cü ildə uğurlarının iki qat artacağına çalışacaq: "İlin əvvəlində "Manga" ilə duetimi yazdıracağam. Ancaq duet təklifləri tək "Manga" ilə bitmir. Yerli sənətçilərimizlə də oxumağı düşünürəm. Bir neçə tanınmış həmkarımdan təklif gəlib. Ən uğurlu

mahnını seçib gözəl bir iş təqdim edəcəyimizə də şübhə etmirəm".

Sonda Lətifə bütün komandasına və onun yaradıcılığı ilə az da olsa maraqlananlara təşəkkür etdi: " Adımı bircə dəfə belə olsun dilinə gətirən hər kəsə sonsuz minnətdaram. Sayənizdə 2013-cü il unudulmaz oldu. Bütün yaşananlar məni mərhum atam Akif Fətəliyevin arzusuna bir az da yaxınlaşdırdı. O, məni böyük ifaçı görmək istəyirdi. Daim onun ruhu üçün çalışıram. Uğurlarımı həzm edə bilməyənlər də tapıldı. Onlara da təşəkkür payı ayırmışam. Hər biriniz var olun, dostlar!".

Müğənninin sözügedən klipləri ilə aşağıdakı linkdə tanış ola bilərsiz.