Azərbaycan rəsmi şəkildə Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz etdi
27 Dekabr 2013 20:34 (UTC+04:00)
Ermənistan silahlı qüvvələrini işğal etdiyi
Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü
bərpa olunmayınca bu dövlətin Gömrük İttifaqına daxil olmasına
Azərbaycan rəsmi şəkildə etiraz edir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli
Həsənovbildirib.
Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq
Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət
qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq
hüququn prinsiplərinə ziddir: "Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in
və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və
qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi
faktı təsbit olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt
etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də,
Ermənistanın Gömrük İttifaqına və yaxud digər bu tipli qurumlara
daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən
sonra baş verə bilər".
Əks təqdirdə, şöbə müdirinin fikrinə görə,
Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma
məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq
yuridiksiyalarla ziddiyyət təşkil edir: "Bu dövlət ya rəsmi şəkildə
işğal olunmuş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil
olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin
torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş
əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır".