Məişət zorakılığı barədə ictimai məlumatlandırma kampaniyası davam edir

7 Dekabr 2013 11:22 (UTC+04:00)

7 dekabr, 2013-cü il tarixində Bakı şəhərinin mərkəzi küçələrində "Qadınlara qarşı zorakılığa yox" adlı aksiya-yürüş keçirilib. Yürüş Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Məişət zorakılığı barədə ictimai məlumatlandırma kampaniyası" layihəsi çərçivəsində həyata keçirilib. Yürüş iştirakçıları layihə çərçivəsində məişət zorakılığı barədə təlimlərin iştirakçıları olmuş benefisiarlar – 48 nömrəli Füzuli rayon tam orta məktəbi və 18 nömrəli Kəlbəcər rayon tam orta məktəbin yuxarı siniflərindən olan könüllülər və layihə işçilərindən ibarət olub. Yürüşdə məqsəd üzərində "Qadınlara qarşı zorakılığa yox" yazılmış qolsuz gödəkçələri geyərək şəhərin əhali sıx olan mərkəz küçələrində addımlayaraq həm bu məsələyə cəmiyyətin diqqətini yönəltmək, həm də məişət zorakılığı ilə bağlı bukletlər paylamaq idi. Yürüşə qatılan 20 dən artıq iştirakçı 800 dək buklet paylamışdır.

6 dekabr Monreal faciəsinə - 1989-cu ildə Kanadada 14 qadın tələbənin bir silahlı şəxs tərəfindən məqsədli şəkildə universitet otağında qətlə yetirildiyi tarix ərəfəsinə təsadüf edən bu yürüş həm də hər il 25 noyabr – 10 dekabr tarxiləri arasında keçirilən qadınlara qarşı zorakılıq əleyhinə 16 günlük kampaniyaya töhfə xarakteri daşıyır.

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB tərəfindən icra edilən və Avropa Birliyi tərəfindən maliyyələşən "Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası" 2 illk bir layihədir. Layihə çərçivəsində 2011-2013-cü illər ərzində Bakı və 26 rayonda məişət zorakılığı mövzusunda onlarla təlim keçirilib, pulsuz hüquqi və psixoloji konsultasiyalar verilib.

Layihə müddətində məişət zorakılığı qurbanları üçün pulsuz qaynar xətt açılıb, sosial çarx çəkilərək regional televiziya kanallarında efirə verilib və telefon sorğusu aparılıb.