Yeni il ərəfəsi 10 tibb müəssisəsinin açılışı oldu

28 Dekabr 2013 12:05 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə paytaxtda bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, əsaslı təmir olunan səhiyyə müəssisələrindən biri 6 saylı birləşmiş şəhər xəstəxanasıdır. 180 çarpayılıq xəstəxanada 7 şöbə fəaliyyət göstərir. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə klinikasında cərrahiyyə, anesteziologiya-reanimasiya, intensiv terapiya və poliklinika şöbələri, eləcə də həkim kabinetləri və yardımçı otaqlar müasir standartlar səviyyəsində təmir olunaraq tibbi cihazlarla təchiz edilib. 100 çarpayılıq 5 saylı Uşaq Yoluxucu xəstəliklər xəstəxanası, eləcə də 3 nömrəli Uşaq Stomatoloji poliklinikası da əsaslı təmir olunub və istifadəyə verilib. Analoji açılış mərasimləri 24 saylı birləşmiş şəhər xəstəxanası, 2 nömrəli vərəm əleyhinə dispanser və Hovsan qəsəbəsindəki 23 saylı şəhər poliklinikasında, Lökbatan qəsəbəsindəki 19 saylı birləşmiş şəhər xəstəxanasında, 2 saylı dəri-zöhrəvi dispanseri, Puta qəsəbəsindəki 9 nömrəli şəhər xəstəxanası və Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının 19 saylı köməkçi stansiyasında olub.