Qobustanda baş verən dəhşətli qəzada 7 nəfər öldü

28 Dekabr 2013 23:50 (UTC+04:00)
Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb. Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.  90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib. Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.  Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.  Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.  Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 Qeyd edək ki, FHN-in saytının verdiyi xəbərə görə, Qobustan rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomoili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili toqquşub.