Respublikada 60, dövlət xəstəxanalarında 57 böyrəkköçürmə əməliyyatı gerçəkləşib
29 Dekabr 2013 11:21 (UTC+04:00)
"İstər regionlarda, istərsə də paytaxtda yaradılan şərait
əhaliyə lazımı tibbi xidmət göstərmək üçün bir çox imkanlar
yaranıb. Əvvəllər ölkədə barmaqla sayılacaq qədər təmir və təchiz
olunmuş tibb müəssisəsinin azlığını desə də, hazırda ölkənin
inkişafına uyğun tam standartlara cavab verən tibb müəssisələrinin
sayının artması sevindirici haldır".
Movqe.az xəbər verir ki, bunu dünən səhiyyə naziri
Oqtay Şirəliyev Səhiyyə Nazirliyində 2013-cü ilin yekun
hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir 2013-cü ildə təmirinə başlanan Elmi-tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunda, Tibbi Bərpa İnstitutunda, Pediatriya
İnstitutlarında çox böyük işlərin aparıldığını deyib. O qeyd edib
ki, əvvəllər xarici ölkələrdə səfərlərdə olarkən orada olan
klinikalara, tibbi avadanlıqlara həsrətlə baxırdıqsa bu gün ölkə
klinikalarındakı şərait inkişaf etmiş ölkələri də geridə qoyur:
"Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək
səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə
olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı
sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib, və təkmilləşmiş
mütəxəssislərimizin sayı xeyli artıb".
U rologiya sahəsinə də toxunan O.Şirəliyev hazırda ölkəmizdə 30
dializ mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə
görə, bu hal əhali tərəfindən yüksək qarşılanıb: "Belə ki, 2013-cü
il ərzində ölkə başcığının xüsusi tapşırığına əsasən nazirlər və
komitə rəhbərləri bölgələrdə olub vətəndaşların şikayət və
iradlarını dinləyirdi. Həmin qəbullar zamanı dializlə əlaqəli elə
bir ciddi şikayətlər olmayıb. Xəstələr dializ almaq üçün artıq
həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən
insanların hemodializ müalicəsi ilə təmin olunması son illər
səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu
problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz
həllini tapdı. Hazırda respublikanın şəhər və rayonlarında
fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən
artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə
tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni
hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı
quraşdırılıb. Beləliklə bu müalicəni almaq üçün pasiyentlərin növbə
gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların
yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi
də demək olar ki, həll olunub. Bu xəstələrin
radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da
artmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət
xəstəxanalarında 57 belə əməliyyat icra olunub".