Dərnəgüldəki qaçqınlar “şəraitsizlikdən” şikayətlənir

31 May 2012 19:43 (UTC+04:00)

Dərnəgül şossesi DSK 3 (Ev tikmə kombinatı 3) adlandırılan ərazisində zavodların içərisində məskunlaşan otuza yaxın Qarabağ qaçqın və məcburi köçkün ailəsi "şəraitsizlikdən" şikayətlənir.

 Movqe.Az BBC new-a istinadən bildirir ki, 70 yaşlı Elmira Ağamirova BBC Azərbaycancaya deyir ki, bura "gələndən 15 ildir ki bu problemləri var:

"Hara müraciət etsək də, "hələ ki gözləyin" deyirlər", bildirən Ağamirova köçürülmək üçün dəfələrlə "Qaçqınkom" və Nazirlər Kabinetində olduğunu deyir.

İki uşaq anası Aminə Davudova "armatur zavodunun" səsindən gileylənir:

"Dırıltıda yaşayırıq, başımız- beynimiz gedir, nəmişlik, bit-birə basıb". O deyir ki, bəzən "göz-gözü görməyən tüstü də" gəlir.

BBC Azərbaycancaya danışan, amma videoya düşmək istəməyən sakinlər də "havasızlığı" problem kimi qeyd edib.

Buranın sakinlərin əksəriyyəti kartondan düzəldilmiş evlərdə yaşayır.

Zavodun orta hissəsində qurduqları "tualet"lərdən gələn kanalizasiya suları isə uşaqların oyun sahəsinə daxil olur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov BBC Azərbaycancaya məsələ ilə bağlı bildirib ki, hazırda "Fin tipli evlərdəki qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesi gedir.

Köçürülmə qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli Dövlət Proqramına əsasən həyata keçirilir.

Dövlət Proqramına əsasən, "daha ağır şəraitdə olan ailələrin prioritet" elan edir.

Qədimov deyir ki, bu il BDU və ADNA yataqxanalarındakı, növbəti illərdə isə sanatoriya və yarımçıq tikililərdəki qaçqın və məcburi köçkünlərin evlə təmin edilməsi planlaşdırılıb.

Sakinlərin nə zaman köçürülməsi ilə bağlı Qədimov bildirir ki, "yaxın vaxtlarda onlar özləri də görəcək ki, köçürülüb":

"Bu il prezident İlham Əliyev eyni adlı Dövlət Proqramına 2.5 dəfə artıq maliyyə ayırdığından yəqin ki, tikintilər daha sürətlə aparılacaq və onlar tezliklə köçürüləcək"

 

Türkan Nadirqızı

Movqe.Az