Millət vəkili Adil Əliyev Türkiyədəki son hadisələrdən danışdı

29 Dekabr 2013 16:23 (UTC+04:00)

Bu sözləri millət vəkili Adil Əliyev son günlər Türkiyədə cərəyan edən hadisələri şərh edərkən "Axar.az"a bildirib. Millət vəkili qeyd edib ki, Türkiyənin Türk Dünyasının döyünən ürəyi və vuran qolu olduğunu bir an da unutmamalıyıq: "Türkiyə güclü olarsa, türk dünyası güclü olar. Türkiyənin güclənməsini istəməyən qüvvələr hər zaman daxildə problemlər yaratmaqla, Türkiyəni inkişaf hədəfindən yayındırmağa çalışıblar. Buna da qismən nail olublar. Təəssüfləndirici məqam odur ki, bunun acı fəsadını Türkiyə və türk xalqı yaşayıb. XX əsrin 50-80 ci illəri Türkiyənin siyasi-hərbi tarixi böyük siyasi kataklizmlərlə müşahidə olunub. Bunun hansı fəsadlar yaratdığını tarixi proseslərin gedişi göstərdi". Güclü, qüdrətli və stabil inkişaf edən Türkiyənin Azərbaycanın güvənci olduğunu qeyd edən A.Əliyev qeyd edib ki, qardaş ölkələr arasında ticarət dövriyyəsi hazırda milyardlarla ölçülür, bütün regional layihələr Azərbaycan-Türkiyə birgə iqtisadi-siyasi gücünün nəticəsidir: "Balkanlarda və Ərəb ölkələrində Türkiyənin nüfuzu artır və belə məqamda təbii ki, bundan narahat olan qüvvələr var. Bu gün Türkiyə dünyada 20-lərin sırasında gedir. Bu indiki hakimiyyətin zamanından gerçəkləşib. AKP hakimiyyəti ölkəni böyük borclarla təhvil alsa da, bu gün güclü istisadiyyat qurub. Düzdü, biz Türkiyəni hansısa partiyaya görə sevmirik. Nə də Türkiyəni hansısa siyasi partiyaya görə seçməmişik. Türkiyə bizim iki gözümüzdən biridir və oranın bütün siyasilərinə hörmətimiz var".Son günlər baş verən hadisələrin Türkiyə iqtisadiyyatına 20 mld dollardan çox ziyan vurduğuna diqqət çəkən millət vəkili bunu bəzi qüvvələrin arzusunun gerçəkləşməsi kimi dəyərləndirib: "Pusquda yatan bəzi qüvvələr Türkiyənin iqtisadiyyatını çökdürmək, ondan sonra isə ölkədə siyasi böhrana nail olmaq istəyirlər. Bu iki xətt ölkənin çökməsinə səbəb ola bilər. İnanıram ki, qardaş Türkiyə qısa zamanda barışıq və sülh yoluyla öz problemlərini yoluna qoya biləcək. İndi Türk Dünyasının gözü qardaş Türkiyədədir. Bu gün türk xalqı səbr və təmkin nümayiş elətdirməlidir".