“Rusiya üçün Qarabağ probleminin ən yaxşı həll yolu hər iki tərəfin bundan razı qalmasıdır”

31 May 2012 20:16 (UTC+04:00)

"Bakıda bu gün bir neçə görüş keçirdim və əmin oldum ki, Azərbaycan Rusiya ilə əlaqələrini daha da inkişaf etdirməyə hazırdır".

APA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçov deyib.

K. Kosaçov bildirib ki, Azərbaycanda rus dili və rus mədəniyyəti daha yaxşı qorunur.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə danışan xüsusi nümayəndə deyib ki, görüşdə Azərbaycan və Rusiya əməkdaşlığının bütün məqamları müzakirə olunub.

Qarabağ problemi ilə əlaqədar suala cavab olaraq K. Kosaçov bildirib ki, bu problemin həll olunmasında Rusiyaya ehtiyac var: "Rusiya üçün Qarabağ probleminin ən yaxşı həll yolu hər iki tərəfin bundan razı qalmasıdır".