Kiçik mühərrikli avtomobillərin idxalı artacaq

8 Yanvar 2014 10:29 (UTC+04:00)

Bilindiyi kimi ötən illərin son günlərində Azərbaycanda yanacağın qiymətində artım baş verdi. Bunun da nəticəsində benzinin satış qiymətləri təxminən 33 faiz bahalaşdı. Bu addımın nəqliyyat xərclərinə təsir edəcəyi proqnozlaşdırılsa da, ictimai nəqliyyatda qiymət artımlarının olması müşahidə olunmur. Lakin bu, avtomobil bazarına təsirsiz ötüşmədi. Bu haqda danışmazdan əvvəl qeyd edək ki, ölkəmizə keçən il daha çox miqdarda avtomobil idxal olunub. Belə ki, məlumatlara görə, keçən il 100 mindən çox avtomobil gətirilib. Lakin yanacağın qiymət artımı bu sahədə ciddi dəyişikliklərlə müşayiət olunmaqdadır.

Yanacağın qiymətinin qalxması fonunda bir sıra ölkələrdə baş verən təcrübəyə əsasən söyləmək olar ki, baş vermiş bu hadisə maşın idxalına da müəyyən dərəcədə təsir göstərə bilər. Çünki ən azından əhalinin bir hissəsinin alıcılıq imkanları bu fonda müəyyən müddətə daralır. Bəs görəsən, yanacağın bahalaşması Azərbaycanda maşın idxalı ilə bağlı proseslərə nə vəd edir?

Avtomobil məsələləri üzrə ekspert Azər Allahverənov bu qənaətdədir ki, yanacaqla bağlı yaranmış vəziyyət idxal prosesində az yanacaq sərf edən avtomobillərin çəkisinin artması ilə müşayiət olunacaq: "Benzinin qiyməti qalxırsa, bu o deməkdir ki, mühərriki iri həcmli maçınların yanacaq üçün sərf etdiy vəsaitin həcmi də artır. Belədə istər-istəməz maşın almaq istəyən insanlar mühərriki az yanacaq işlədən avtomobillə üstünlük verəcək. Bu da təbii ki, idxal prosesində öz təsirini göstərir. Məsələ ondadır ki, mühərriki iri həcmli maşınların qiymətində hər hansı ciddi dəyişiklik olmasa da, amma yanacaq az yandıran maşınların qiymətində cüzi də olsa artım hiss olunur. Tarif Şurasının benzinin qiymətilə bağlı verdiyi qərardan dərhal sonra cərəyan edən hadisələr Azərbaycanın maşın bazarında vəziyyətin məhz bu səpkidə inkişaf edəcəyindən xəbər verdi. Mühərriki az yanacaq yandıran maşınların qiymətində bir neçə faiz artım oldu. Bu da istər-istəməz idxalda da özünü göstərir. Maşın gətirənlər də bu fonda az yanacaq yandıran maşını gətirməkdə maraqlı olur. Bu da nəticə etibarilə ölkə ərazisinə gətirilən maşınlar arasında az yanacaq yandıranların üstünlük təşkil etməsinə dəlalət edən bir faktordur. Amma istənilən halda maşın bazarındakı proseslər bu və digər amillərlə şərtlənir. Tək yanacaqdan söhbət gedirsə, sözsüz hadisələr az yanacaq sərf edən maşınların sayının artması ilə müşayət olunacaq. Bununla yanaşı, digər yeniliklər, məsələn, gömrük rüsumlarının qaldırılması, azaldılması baş verərsə, bu da istər-istəməz ölkəyə gətirilən nəqliyyat vasitələrinin gətirilmə dinamikasına öz təsirini göstərmiş olacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə düşünür ki, avtomobil idxalı 2014-cü ildə 2013-cü il səviyəsində qalacaq: "Ümumiyyətlə, benzinin qiymətinin bahalaşması avtomobillərin qiymətində də dəyişiklik olmasına gətirib çıxardı. Tədqiqatlar da göstərir ki, benzinin bahalaşması dekabr ayında mühərriki daha yüksək olan avtomobillərin qiymətində azalmalara səbəb olub. Dekabrda bu istiqamətdə 5 faizə qıdır azalma müşahidə olunub. Bu da benzin xərclərinin artması səbəbindən həmin avtomobillərə marağın azalmasından qaynaqlanır. Tələbatın azalması qiymət azalmalarına gətirib çıxarıb. Yeni avtomobillərin qiymətində dəyişikliklər oldu. Amma əvvəllər istehsal olunan və qiyməti nisbətən yüksək olan maşınların qiymətində isə azalmala baş verib. Kiçik mühərrikli avtomobillərin qiymətində isə artımlar özünü göstərib. Bu sahədə dekabrda 7 faizlik artım qeydə alınıb. Bu da həmin avtomobillərə tələbatın artması ilə bağlıdır. Deməli, benzinin qiymətinin bahalaşması maşın bazarında dəyişikliklərə rəvac verib. Tələbat kiçik mühərrikli avtomobillərə artıb, böyük mühərrikli avtrombillərlə bağlı isə bunun əksi baş verib. Ötən ayla müqayisədə dekabr ayının yekunlarına görə avtomobil idxalında yanacağın bahalaşmasına rəğmən kəskin dəyişikliyin olacağı gözlənilmir. Ümumiyyətlə, avtomobil idxalının 2014-cü ildə də 2013-cü il səviyyəsində olacağı proqnozlaşdırılır. Sadəcə, avtomobillərin strukturunda dəyişiklik olacaq. Mühərriki kiçik avtomobillərə tələbat artacaq".