Təhlükəli geyimlər...

9 Yanvar 2014 07:41 (UTC+04:00)

"Gözəllik ondur, doqquzu dondur". Bu məhşur atalar sözü müasir dövrdə, yəni moda aləminin sürətli inkişaf etdiyi indiki zamanda daha çox aktuallıq qazanır. Lakin indiki dönəmdə geyim seçmək elə də asan məsələ deyil. Çünki məsələnin gözəlliklə yanaşı, həm də gigiyenik tərəfi var. Kimya sənayesinin sürətlə inkişaf etdiyi vaxtda bu məsələ daha çox aktuallıq qazanır.

Ekspertlər bu fonda bildirir ki, daha çox idxal edilən, xüsusən də Çindən gətirilən geyimlərdən ehtiyatıl olmaq lazımdır. Məsələ burasındadır ki, Çində keyfiyyətinin yüksək olması ilə seçilən geyim məhsulları ilə yanaşı, həm də belə demək mümkünsə, zay məhsullar da istehsal edilir. Özü də belə məhsulların tərkibində bəzən kimyəvi maddələr yol verilən normalardan artıq istifadə edilir. Araşdırmalar göstərir ki, geyimlərin tərkibində olan kimyəvi maddələr arasında formoldehid çoxluq təşkil edir. Mütəxəssislər isə xəbərdarlıq edirlər: belə geyimlər insan sağlamlığı üçün təhlükəlidir, xərçəng xəstəliyi yaratma riski var. Həmin məhsullar Azərbaycana da ixrac olunduğundan, təhlükə ölkəmiz üçün də aktualdır. Bakıda belə ucuz Çin mallarının satışına daha çox bazarlar, metrostansiyaların keçidləri və ətrafında rast gəlmək olar.

Araşdırmalar da göstərir ki, geyim ticarəti ilə məşğul olanların heç də hamısı gigiyenik tələblərə əməl etmirlər. Hətta yerə düşən paltarları təmizləmədən, heç nə olmayıbmış kimi yenidən rəfə qoyanlara da rast gəlmək olar. Movqe.az xəbər verir ki, həkimlər bu cür geyimlərin alıcılarını ehtiyatlı olmağa çağırırlar. Ekspertlər problemlə mübarizə yolunu maarifləndirmədə görürlər. Qeyd olunur ki, istənilən malın uyğunluq sertifikatı yoxdursa, onu almaq məsləhət görülmür. Geyim mallarının hazırlanmasında hansı mallardan istifadə edilməsinə də mütləq diqqət yterilməlidir. Formoldehiddən istifadə edilən geyimlərdən isə uzaq durmaq daha yaxşıdır. Bu, ağır sənayedə istifadə edilən, insan səhhəti üçün zərərli olan, rəngsiz, kəskin və pis iyli kimyəvi maddədir. Atmosferdə və qapalı şəraitdə az miqdarda rast gəlinir. Formaldehid geyim istehsalında müxtəlif məqsədlər üçün istifadə olunur. Bura daha çox geyimlərin qırışmasının qarşısını almaq üçün istifadə daxildir. Bununla yanaşı, uzun havasız və rütubətli yerdə saxlama zamanı meydana çıxan kiflənməyə qarşı da bu maddədən istifadə edilir. İstilik və ya nəm nə qədər çox olarsa, bu maddənin təsiri də bir o qədər çox hiss olunur. Formaldehid vücuda daha çox tənəffüs yolları vasitəsilə daxil olur. Bununla yanaşı dəri yolu ilə də orqanizmə daxil olma imkanı var ki, bu da həmin maddənin istifadə olunduğu paltarları geyinən zaman baş verir. Movqe.az xəbər verir ki, maddənin hər bir insana təsiri fərqlidir. Göz, burun, boğazda yanma hissi ilə özünü büruzə verir. Bəzən yorğunluq, yuxulamaq, baş ağrısı, baş gicəllənməsi, huşunu itirmə kimi hallara da təsadüf edilir. Bu maddə hətta, astma xəstəliyinin də yaranmasına səbəb ola bilər. Bəzən elə hallar olur ki, allergiya və ya astmadan şikayətlənən xəstənin vəziyyətinin əsl səbəbi şəxsin məhz bu maddənin çox olduğu yerdə qalması ilə bağlı olur. Bu maddədən istifadə olunan iş yeri və ya gündəlik olaraq belə paltarlardan istifadə təhlükə yaradır. Qeyd olunur ki, belə paltarlar geyinilməzdən əvvəl yaxşıca yuyulmalıdır.

Onu da qeyd edək ki, kiçikyaşlı uşaq paltarlarının keyfiyyəti onların sağlamlığının qorunması baxımından ciddi önəm kəsb edir. Çünki uşaqların dərisi böyüklərə nisbətən daha həssasdır. Bunun üçün uşaqlara paltar alarkən gigiyenik qaydalara xüsusilə əməl etmək lazımdır. Çünki söhbət burada artıq səhhət üçün yarana biləcək ciddi təhlükələrdən gedir. Düzdür, müvafiq orqanlar bu cür geyimlərə qarşı lazımi tədbirlər görürlər. Lakin qeyd olunduğu kimi, ucuz başagələn belə geyimlər vasitəsilə qazanc əldə etmək istəyənlərə hələ də rast gəlinir. Bu səbəbdən paltar alan hər bir kəs, o cümlədən də valideynlər xüsusilə diqqətli olmalıdırlar. Enyi zamanda, təhlükəli sayıla biləcək geyimlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir.