“28 May” metro stansiyasının əsas girişi bağlanır

1 İyun 2012 14:39 (UTC+04:00)

Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən "28 May" stansiyasının əsas giriş-çıxışı təmirə bağlanır.

Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu "APA-ECONOMICS"ə Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.

Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris ilin başlanmasına davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.

E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: "Onlar "İçərişəhər" stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək".

Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.