Bakıda yeni metro stansiyasının tikintisi başa çatır

9 Yanvar 2014 14:52 (UTC+04:00)

Bakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yerləşən "B-04" stansiyasında tikintinin hazırlıq mərhələsini başa çatdırmaq üzrədir.

Metropolitendən "APA-Economics"ə verilən məlumata görə, burada bütün köçürmə işləri, demək olar ki, başa çatdırılıb. Qurumdan bildirilib ki, alınan torpaq sahələri ilə bağlı problemlərin şəhər mərkəzində daha qlobal məsələyə çevrilməsinin əyani nümunəsini "B-05" stansiyası nümayiş etdirib: "Bununla bağlı il ərzində aparılan danışıqlar, təklif olunan müxtəlif layihələr və yerdəyişmələr bu il öz həllini tapmalıdır".

 

Qeyd edək ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq. Bu, "Papanin" adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, "Xocasən" deposundan sonra "Avtovağzal" stansiyası, daha sonra isə "Memar Əcəmi-2" və artıq tikintisinə başlanan stansiya olacaq.