2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib

10 Yanvar 2014 10:18 (UTC+04:00)

"Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilib".  Bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib. Dövlət başçısı bu il ölkənin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməli olduğunu qeyd edib: "Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək".

 

Bütün bu amilləri nəzərə alaraq,  ölkə başçısı 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan edib.

 

Dövlət başçısı müvafiq sərəncamın imzalanacağını,  "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planının tərtib və təsdiq ediləcəyini bildirib .

 

"2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olub. Qəbələdə "Tufan" Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı – Bakı Sağlamlıq Mərkəzi artıq açılıb. Yəni, biz ili artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaq", deyə prezident İlham Əliyev əlavə edib.