“2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”

10 Yanvar 2014 10:29 (UTC+04:00)

"Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür". Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı bu münasibətlərin gələcəkdə inkişaf edəcəyini vurğulayıb: "2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir".

 

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə və üzv olmadığı bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istədiyini qeyd edib: "Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyil, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq".