Nəqliyyat Nazirliyindən marşurut sahiblərinə sərt xəbərdarlıq

10 Yanvar 2014 10:30 (UTC+04:00)

"Sərnişin avtobusların yol nəqliyyat hadisələrinin iştirakçısı olması, qəza törətməsi hallarına qarşı sərt tədbirlər görüləcək. Artıq bununla bağlı yeni ildən Nəqliyyat Nazirliyi tərəfindən xətt sahiblərinə xəbərdarlıq edilib". Bu məlumatı Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. N. Həsənov bildirib ki, marşurut sahiblərinə sürücüləri işə götürərkən diqqətli olmağı, peşəkarların işə cəlb etmək tələbi qoyulub: "Xətt sahiblərinin sayının azaldılaraq 32-ə çatdırılması bu istiqamətdə görülən tədbirlərdən idi. Amma sahibkarlara bu ildən daha sərt formada xəbərdarlıq edilib ki, sərnişin avtobuslarında sürücülərin işə qəbuluna ciddi nəzarət etsinlər. Sürücülük təcrübəsi və müvafiq kateqoriyası olmayanlar sərnişin avtobuslarının sükanı arxasıa əyləşə bilməz. Belə hallar üzə çıxarsa xətt sahibləri də cəzalandırılacaqlar. Düzdür dünyanın heç bir yerində qəzalarda sərnişin avtobusları sığortalanmayıb. Amma belə hallar hansısa xətdə dəfələrlə təkrarlanırsa həmin xətt sahibkarın əlindən geri alınacaq".

N. Həsənov Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planının icrası istiqamətində tədirlərin davam etdiriləcəyini də söyləyib.