İlham Əliyev: 2014-cü ildə korrupsiyaya qarşı mübarizədə daha böyük addımlar atılacaq

10 Yanvar 2014 10:57 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı deyib.

Prezident deyib ki, investisiya proqramı kifayət qədər böyük olacaqdır. İnvestisiya proqramında əsas infrastruktur layihələri öz əksini tapıb. Hələ infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır: "Düzdür, son illərdə böyük işlər görülmüşdür, ancaq hələ ki, görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir. Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir. Keçən il inflyasiyanın cəmi 2,4 faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir.

Çalışmalıyıq ki, bu il də inflyasiya lazımi səviyyədə olsun. Biz həmişə deyirik ki, birrəqəmli inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli ədəddir. Ancaq keçən il ölkədə inflyasiyanın 2,4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması - bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır".

İlham Əliyevin sözlərinə görə, sahibkarlara dəstək davam etdiriləcəkdir: "Burada rəqəmlər səsləndi ki, keçən il sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real sektoruna qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın real sektoruna verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın inkişafı üçün də böyük dəstəkdir. Çünki həm bu pul vəsaitidir, eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilən tövsiyə proqramları da vardır ki, sahibkarlar onlardan da səmərəli şəkildə istifadə edirlər. Ancaq gəlirli sahələrə, gəlir gətirə biləcək layihələrə vəsaitin ayrılması nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, verilən bütün kreditlər demək olar, vaxtında qaytarılır. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun portfelində qaytarılmış kreditlər də önəmli bir hissə təşkil edir. Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik. Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların qəbul edilməsi deyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə, həm də həyatda əyani görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət almışdır".

Prezident vurğulayıb ki, bölgələrdə iş yerləri açılmışdır: "Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşür. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə miqrasiya meyllərinin qabağını alır, yerli istehsalın artımına imkan yaradır, həm də idxaldan asılılığımızı azaldır.

Bir sözlə, bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir. Konkret layihələr vardır və sahibkarlara kömək dövlət tərəfindən davam etdiriləcəkdir.

Əlbəttə ki, qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin fəaliyyət planı da təsdiq ediləcəkdir. İnvestisiya proqramı bütövlükdə təsdiq edildikdə əlbəttə ki, regional proqram da nəzərə alınıbdır".

Dövlət başçısı bildirib ki, eyni zamanda, bu il - yəqin ki, yaxın günlərdə Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı yeni proqram qəbul ediləcəkdir: "2013-cü ildə bu proqram başa çatmışdır və yeni proqram hazırlanır. Hesab edirəm ki, növbəti üç illik Proqramın icrası nəticəsində Bakı qəsəbələrində mövcud olan bütün problemlər öz həllini tapmalıdır.

İnfrastruktur, sosial infrastruktur, məktəblər, tibb məntəqələri, yollar, su xətləri, kanalizasiya, qaz, işıq - yəni, bütün əsas məsələlərin həlli, o cümlədən iş yerlərinin yaradılması nəzərdə tutulur. Ümid edirəm ki, biz növbəti 3 il ərzində bu proqramın tam şəkildə icra edilməsinə nail ola biləcəyik.

Kənd təsərrüfatının inkişafı ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Bir daha demək istəyirəm ki, bu, növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri olacaqdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın.

Bu məsələlər elə həll edilməlidir ki, biz perspektivi də nəzərə alaq. Çünki burada da səsləndi və biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir.

Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının intensiv inkişafı prioritetdir".

İlham Əliyev qeyd edib ki, eyni zamanda, meliorasiya və irriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsi dövriyyəyə buraxılacaqdır: "Artıq Taxtakörpü Su Anbarı istifadəyə verilmişdir, Şəmkirçay su anbarının tikintisi gedir. Ona görə, burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir, inkişaf etmiş ölkələrin təcrübəsi dərindən öyrənilməlidir. Biz indi görürük ki, bəzi fermer təsərrüfatlarında məhsuldarlıq ənənəvi məhsuldarlıqdan ən azı 2 dəfə çoxdur. Ona görə biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etsək, məhsuldarlığı daha da artıra bilərik. Hesab edirəm ki, lazım olan bütün əsas ərzaq məhsullarını biz yüz faiz Azərbaycanda istehsal edə bilərik.

Ancaq burada gələcəkdə əlbəttə ki, böyük ixrac potensialı yaranacaqdır və biz əhalinin artımını da nəzərə almalıyıq. İslahatlara gəldikdə, burada struktur islahatlarının aparılmasına ehtiyac vardır və daha da səmərəli struktur formalaşmalıdır. Subsidiyaların verilməsi ilə bağlı məsələlər vardır. Mən bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm.

Hesab edirəm ki, biz bu sahədə də tam işlək mexanizm yaradacağıq, şəffaflığı tam şəkildə təmin edəcəyik. Beləliklə, bu, bizə imkan verəcək ki, bundan sonra da kənd təsərrüfatının artımına nail ola bilək.

Eyni zamanda, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də getməlidir.

Artıq birinci təcrübə vardır. Təcrübə müsbətdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Prezidentin sözlərinə görə, kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər, təkliflər vardır: "Biz texnika parkımızı yeniləşdiririk, yeniləşdirəcəyik. Dövlət vəsait ayırır və ayıracaqdır. Şəmkirçay su anbarının tikintisi bu il başa çatmalıdır. Bu, qərb zonasında kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

Qeyd etdiyim kimi, on minlərlə hektar torpaq suvarılacaqdır. Artıq suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq sahəsi suvarılacaqdır. Ona görə, torpaq fondunun uçotu aparılmalıdır. Biz bu layihəni başa çatdırmalıyıq. Bir daha demək istəyirəm ki, dünyada mövcud olan ən müasir praktika tətbiq edilməlidir. Biz öz imkanlarımızı tam dəqiqliyi ilə bilməliyik və buna görə də fəaliyyət planımızı da tutmalıyıq.

2013-cü ildə, eyni zamanda, yüzdən çox kənddə subartezian quyuları qazılmışdır.

Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il hesab edirəm ki, ən azı iki yüz kənddə subartezian quyuları qazılmalıdır. Əhalinin içməli su ilə təmin edilməsi işində bu layihənin də böyük əhəmiyyəti olacaqdır. Bu il infrastruktur layihələrinin icrası davam etdiriləcəkdir".

Dövlət başçısı deyib ki, elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapıb: "Burada qeyd edildi ki, biz keçən il "Cənub" Elektrik Stansiyasının istifadəyə verilməsini qeyd etdik.

Təxminən 800 meqavata yaxın gücü olan elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda "Şimal-2" Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Son illərdə biz öz enerji potensialımızı böyük dərəcədə möhkəmləndirə bilmişik, ancaq tələbat artır. Biz iqtisadiyyatın və sənayenin inkişafını, gələcək inkişafı nəzərə alaraq bundan sonra da generasiya layihələrinə investisiya cəlb etməliyik. Yəqin ki, Bakıda yeni böyük elektrik stansiyasının tikintisi məsələsi öz həllini tapacaqdır. Buna ehtiyac vardır. Bizim enerji potensialımız bütün dövrlərdə tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir və gələcəkdə də belə olmalıdır.

Ona görə, gələcək illərdə generasiya işlərinə diqqət azalmamalıdır. Ancaq əlbəttə ki, biz bu layihələri icra edəcəyik. O cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı işlər daha da ciddi getməlidir. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm.

Artıq əlbəttə ki, müəyyən layihələr icra edilir, xüsusilə su elektrik stansiyaları tikilir, həm də Naxçıvanda. İndi demək olar ki, Naxçıvanın elektrik enerjisinə olan bütün tələbatının, təxminən yüz faizi su elektrik stansiyaları tərəfindən təmin edilir. Bu, Naxçıvanın enerji təhlükəsizliyinə də böyük dəstəkdir, töhfədir. Ölkəmizin digər bölgələrində - Füzulidə 25 meqavatlıq su elektrik stansiyası tikilmişdir. Ondan sonra Taxtakörpü Su Anbarında təxminən 25 meqavatlıq su elektrik stansiyası inşa edilmişdir. Şəmkirçayda da o həcmdə olacaqdır. Balaxanı məişət tullantıları zavodunda da alternativ enerji mənbələri yaranıbdır.

Kiçik çaylarda stansiyalar da tikilir. Bu işlər daha da sürətlə getməlidir. Mən dəfələrlə demişəm ki, bizdə bütün su mənbələrimizin xəritəsi vardır və bilirik ki, harada nə qədər güc götürə bilərik. Sadəcə olaraq investisiyalar daha da çox qoyulmalıdır".

Prezidentin sözlərinə görə, günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir: "Mən bu barədə öz fikrilərimi bir neçə dəfə bildirmişəm. Hətta indi Azərbaycanda günəş panelləri istehsal edən müəssisələr də vardır. Ancaq günəş enerjisinin inkişafı ilə bağlı işlər ləng gedir. 2014-cü ildə burada düzəlişlər edilməlidir, işlər daha da sürətlə getməlidir. Nəzərə alsaq ki, Azərbaycanda günəşli günlər kifayət qədər çoxdur, bu imkanlardan istifadə etməmək əlbəttə ki, böyük səhv olardı.

Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Mənə mütəmadi qaydada məlumatlar verilir. Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq".

İlham Əliyev yekun nitqində bildirib ki, kənd yollarının tikintisi keçən il xüsusilə geniş vüsət almışdır: "Həm Prezidentin Ehtiyat Fondundan, dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bu il də o sahəyə xüsusi diqqət göstəriləcəkdir. Bunun çox böyük mənası, faydası vardır. Kəndlərdə yaşayan vətəndaşlar üçün biz gözəl imkanlar yaradırıq və bu il də bu məqsədlər üçün vəsait nəzərdə tutulur. İlk növbədə, başlanan layihələr sona çatmalıdır, çünki bəzi layihələrin icrası yarımçıqdır. Yeni layihələr vardır. İndi yerlərdən təkliflər gəlir. Yerli icra orqanları və mənim bölgələrə səfərlərim zamanı vətəndaşların müraciətləri əsasında biz bu işləri görürük və əminəm ki, bu il də yaxşı nəticələr olacaqdır.

İnfrastruktur layihələrinin içində deyə bilərəm ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcəkdir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdur. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmamışdır.

Bakının kanalizasiya xətləri köhnəlmişdir, bugünkü standartlara uyğun deyildir. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir".

Prezidentin sözlərinə görə, hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir: "Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir.

Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir.

Əlbəttə ki, burada əsas işləri "Azərsu" Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması işləri də aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə əhatə edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk növbədə, suvarma məqsədləri üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Artıq bu pilot layihəsi icra edilibdir. Biz bu praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək üçün də imkan olacaqdır. Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün qoyulur.

Nəqliyyat sektorunda bu il yol tikintisi layihələri davam etdiriləcəkdir. Bütün bu layihələrin siyahısı artıq təsdiq edilib. Avtomobil yollarının tikintisi davam etdirilir. Mən hesab edirəm ki, biz Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir.

Bakı-Qazax-Gürcüstan sərhədi, ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran sərhədi yolunun tikintisində lazımi tempi əldə edə bilməmişik. Ona görə, bu il bu layihəyə üstünlük daha çox verilməlidir.

Qeyd etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi bu il icra edilməlidir. Beləliklə, hesab edirəm ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsinə nail ola bilərik. Beləliklə, şəhər sakinləri üçün yeni gözəl ictimai zonalar yaranacaqdır. O ərazilərdə ictimai yerlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır.

Bulvar uzadılacaq, Dəniz vağzalından sonra "Ağ şəhər" istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometri əhatə edən gözəl bulvar yaranacaqdır".

Prezidentin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir: "Hesab edirəm ki, vaxtında icra ediləcəkdir. Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə danışmışıq.

Əlavə etməyə ehtiyac görmürəm. Sadəcə olaraq burada da əlbəttə ki, üç ölkənin əməkdaşlığı bir daha özünü göstərir. Azərbaycan-Gürcüstan-Türkiyə həm enerji, həm nəqliyyat sahələrində artıq uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də bu əməkdaşlığın gözəl nəticəsi olacaqdır.

Bakı şəhərində metro tikintisi gedir. Bir neçə stansiya tikilir. Metro ilə bağlı biz əvvəlki dövrdə böyük proqram qəbul etmişik. Əlliyə yaxın yeni stansiya tikiləcəkdir. İnvestisiya proqramında əlbəttə ki, bu məsələlər öz həllini tapacaqdır.

Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir.

Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır".

İlham Əliyev bildirib ki, 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır: "Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, "Avro-3" standartına keçid sürətləndirilməlidir. "Avro-3" də son hədd deyildir. "Avro-4", "Avro-5" ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır.

Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir.

Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.

Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının - onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır.

Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək.

Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir.

Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz.

Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik.

Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir".

Prezident bildirib ki, digər ekoloji tədbirlər də görüləcəkdir: "Böyükşor gölünün təmizlənməsi layihəsi bu il başlanacaq və gələn il onun birinci mərhələsi başa çatmalıdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi mənə bu barədə məlumat veribdir. İşlər bu il başlayacaq və Böyükşor gölünün üçdəbir hissəsi bəndlə ayrılacaq, orada ekoloji tədbirlər görüləcəkdir.

Əminəm ki, bu təcrübə uğurlu olacaqdır. Ondan sonra qalan hissə təmizlənəcəkdir.

Böyükşor gölünün ümumi ərazisi min hektardan çoxdur. Çox böyük bir göldür. Şəhərin mərkəzində yerləşir və bilirsiniz ki, o gölə axıdılan çirkab suları, lay suları, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini böyük dərəcədə pisləşdirir. Ona görə, bu layihələr də icra edilməlidir və digər göllərlə bağlı vaxt gəlib çatıb ki, biz ciddi məşğul olaq. Mən bir neçə il bundan əvvəl bu barədə öz fikirlərimi bildirmişəm. Hətta o göllərin hamısının adlarını da sadalamışam. Ona görə, vaxt gəlib çatıb. Bütün göllərin təmizlənməsi, haradakı bu, mümkün deyil, onların qurudulması, yəni, kompleks tədbirlər planı olmalıdır. Biz xüsusi proqram da qəbul edə bilərik və edəcəyik.

Burada digər sahələrlə bağlı məlumat verildi. Kosmik sənayenin inkişafı ilə bağlı. Birinci peykin orbitə çıxarılması, qeyd etdiyim kimi, böyük tarixi məsələdir. Ancaq ikinci, üçüncü peyklərin də hazırlanması ilə bağlı bu il konkret addımlar atılmalıdır. Yəqin ki, tender prosedurları açılmalıdır. Bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı kifayət qədər çoxdur. Ona görə, Azərbaycanda kosmik sənaye inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti üçün konkret addımlar atılmalıdır".

İlham Əliyev qeyd edib ki, sosial obyektlərin tikintisi davam etdiriləcəkdir: "Bütün bunlar investisiya proqramının tərkib hissəsidir. Deyə bilərəm ki, keçən il 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bu istiqamətdə işlərin böyük əksəriyyəti görülübdür. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində "ASAN xidmət"in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. "ASAN xidmət"də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş "ASAN xidmət" mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır.

Ancaq korrupsiyaya qarşı mübarizə "ASAN xidmət"in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır.

Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır.

Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır".

Dövlət başçısının sözlərinə görə, neft-qaz sektorunda işlər yaxşı gedir: "Giriş sözümdə dediyim kimi, "Şahdəniz-2", TANAP, Trans-Adriatik boru kəmərləri layihəsi tarixi qələbəmizdir. Bu, Avropanın ən böyük infrastruktur layihəsidir və bunun icrası artıq başlanıbdır. Hesab edirəm ki, bütün işlər vaxtında görüləcəkdir.

Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bildiyiniz kimi, Avropa Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir.

Baxmayaraq ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Əminəm ki, buna nail olacağıq. Təşkilat Komitəsi formalaşıb, fəaliyyət göstərir. Bütün aidiyyəti qurumlar bu işlərə daha da böyük diqqət yetirməlidir ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq. İdman obyektlərinin, böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri sarayı, stend atıcılığı mərkəzi - onların tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır.

Bir sözlə, əminəm ki, bu istiqamətdə heç bir problemimiz olmayacaqdır. Ancaq bu Oyunların hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə məhdudlaşmır. Burada təhlükəsizlik məsələləri çox böyük əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşməsi, Olimpiya şəhərciyinin yaranması və digər məsələlər çox ciddi diqqət tələb edir. Bu il, bir daha demək istəyirəm ki, Oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Mən əminəm ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. Nəzərə alsaq ki, bu, birinci Oyunlardır, Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcəkdir.

Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi.

Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir.

Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili "Sənaye ili" elan edək. Müvafiq Sərəncam imzalanacaqdır. "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir.

2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə "Tufan" Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq açılmışdır. Yəni, biz ili artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır. Sağ olun".