Smartfonlardan istifadə də təhlükəli oldu

10 Yanvar 2014 12:45 (UTC+04:00)

Artıq smartfon telefonlarından istifadə də təhlükəli ola bilər. Movqe.az-ın xəbərinə görə, Almaniyada smartfon telefonlarından  məlumatların oğurlanması halları üzə çıxıb. Qeyd edək ki, smartfon telefonların satışı Azərbaycanda da təşkil olunur. Bəs görəsən Azərbaycanda satılan smartfon telefonlardan istifadə nə dərəcədə təhlükəsizdir? "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Movqe.az-a açıqlamasında bildirib ki, smartfonlardan məlumatların oğurlanması  halları baş veribsə, bu iki səbəbdən ola bilər: "Hər bir istehsalçı tərəfindən bəlli bir informasiya mübadiləsi şifrələnməsi aparılır. Həmin şifrələnməni istehsalçı kiməsə ötürmürsə, dövlət səviyyəsində gizli dinləmələr istisna olmaqla kimsə telefondan məlumatı oğurlaya bilməz. Əgər smartfonlarla bağlı belə bir hadisə baş veribsə, deməli ya istehsalçının həmin şifrələnməsi açığa çıxıb, yaxud da alqaritmin sındırılması hesabına bu baş verib. Hər halda istehsalçı satdığı proqramın təhlükəsizliyini təmin etməyə çalışmalıdır".

O. Gündüz smartfonlarla bağlı yaranmış problemlə əlaqədar Azərbaycanda dövlət məmurları və deputatların informasiya mübadiləsinin qorunmasının vacib olduğunu söyləyir: "Bizim millət vəkillərinin mütləq əksəriyyətinin telefonu smartfondur. Ona görə, də onların telefonlarında informasiya mübadiləsi qorunmalıdır".