Qatarlara qadınlar bələdçilik edəcək

10 Yanvar 2014 15:04 (UTC+04:00)

Son vaxtlar Azərbaycanda sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Movqe.az-a bu barədə məlumat "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən verilib.  Məlumata görə, bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər. Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əməkhaqqı beynəlxalq istiqamətdə çalışanların əməkhaqqından yüksəkdir.