Həftəsonu Azərbaycanda hava necə keçəcək?

10 Yanvar 2014 19:26 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.