Ekologiyaya zərər vuran köhnə maşınların idxalına son qoyulacaq

11 Yanvar 2014 07:50 (UTC+04:00)

Buraxılış ili köhnə olan, yeni tələblərə cavab verməyən avtomobillərin ekologiyaya ciddi zərər vurması birmənalı həqiqətdir. Bu problemdən çıxış yollarından biri olaraq bəzi ölkələr buraxılış ili köhnə olan avtomobillərin idxalına qadağa qoyublar. Bu təcrübə əslində, Azərbaycanda da tətbiq edilir. Ancaq bu hal buraxılış ili çox köhnə və bəzi təhlükəsizlik tələblərinə cavab verməyən avtomobillər üçün keçərlidir.

Ekspertlər isə qeyd edir ki, qadağanın yenilənməsinə və ən azı istehsal tarixi 2002-ci ildən aşağı olan maşınların gətirilməsinə qadağa qoyulması vacibdir. Daha sonra istehsal tarixi daha yeni olan maşınların idxalının stimullaşdırılması həyata keçirilməlidir.

Bütün bunlar ilk olaraq ekoloji təmizliyə və beləliklə, insan sağlamlığına xidmət edən amillərdir. Qeyd edək ki, məsələyə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev də xüsusi olaraq toxunub. Dövlət başçısı qeyd edib ki, ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır: "Sıradan çıxmış maşınlar ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək". 2014-cü ilin hədəflərindən söz açan dövlət başçısı ekoloji problemlərin üzərində də geniş dayanıb: "Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə, havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, "Avro-3" standartına keçid sürətləndirilməlidir. "Avro-3" də son hədd deyil. "Avro-4", "Avro-5" ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu var. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.

Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilib. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının - onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə, bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək".

Ekspertlər dövlət başçısının iradlarının aktuallığını bildirərək köhnə maşınların idxalının tədricən dayandırılmasını vacib hesab edirlər. Aydındır ki, müvafiq təkliflər hazırlandıqdan sonra ekologiyaya zərər vuran köhnə maşınların idxalına son qoyulacaq və bu olduqca vacibdir.

O da məlumdur ki, Bakı kimi böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobillərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə, o cümlədən, karbon və azot oksidləri, aldehidlər, qurğuşun birləşmələri (etilləşdirilmiş benzindən istifadə zamanı), polisiklik aromatik karbohidrogenlər və s. əsas yer tutur. Nəzərə almaq lazımdır ki, avtomobil nəqliyyatı vasitələrinin xaric etdiyi işlənmiş qazların kəmiyyət və keyfiyyət göstəriciləri istifadə olunan nəqliyyatın növündən, mühərriklərin vəziyyətindən, maşınların gücündən və iş rejimindən, yanacaqların keyfiyyətindən, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsindən, küçələrin enindən və s. asılıdır. Ölkəmizdə xeyli sayda köhnə avtomobilin olması isə onların ekologiyaya daha çox zərər vurmasına gətirib çıxarır. Belə avtomobillərdə mühərriklər saz vəziyyətdə işləmir, qaz-toz tutucu avadanlıqla təchiz olunmayıb. Bu baxımdan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkəyə idxal edilən və ölkədə istehsal edilən yol-nəqliyyat vasitələri üçün "Avro-3" ekoloji standartlarını təsdiq etməsini irəliyə doğru addım saymaq olar. Bu standartın tətbiqindən sonra köhnə maşınların idxalında müəyyən azalmaların olması qaçılmaz sayılır.

Araşdırmalar isə göstərir ki, dünyada istehsal olunan neftin böyük bir hissəsini - 2,3 milyard tonunu avtomobil nəqliyyatı yandırır. Avtomobil üzrə ekspert Sülhəddin Gözəlov bunnula bağlı deyir: "Ortalama götürəndə bu, ümumi neft istehsalının 60-70 faizi edir. Burada bir məqama da diqqət yetirək. Hər 1 kiloqram yanacağın yanması üçün 15 kiloqram hava lazımdır. 2,3 milyard tonu 15 kiloqram havaya vursaq, görün, rəqəmlər hara gedib çıxır. Nəqliyyat növləri içərisində atmosferi ən çox çirkləndirən də avtomobil nəqliyyatıdır - 87 faiz".

Sülhəddin Gözəlov bildirir ki, hava nəqliyyatının ümumi çirkləndirmə dərəcəsi içərisində payı 1 faizdir: "Bu göstərici hava nəqliyyatının işlətdiyi yanacağın miqdarına görə hesablanır. Hazırda dünyada 1 milyarddan çox avtomobil var. Bu 1 milyard avtomobil ətraf mühitə ancaq qaz formasında, xarici qazlar formasında 1 milyard tondan çox yanmış, işlənmiş qaz buraxır. Bunun içərisində dəm qazının miqdarı təqribən 650-660 milyon tondur. Ekoloji çirklənmə baxımından vəziyyət, həqiqətən də, qəlizdir. Odur ki, bu dəqiqə təbiətin özünü bərpa eləmə balansı pozulub. Təbiətin bəşər üçün, insanlar üçün verdiyi resurs, belə demək mümkünsə, insanın öz əməli nəticəsində yetərli deyil". Hazırda Azərbaycanda ümumi avtomobil parkının 50 faizdən çoxunu 10 ildən artıq istifadə edilən avtomobillər təşkil edir. Sülhəddin Gözəlov bildirir ki, 10 ildən çox istifadə edilmiş avtomobil istər Avropada istehsal edilmiş olsun, istər MDB məkanında - onun xaricə buraxdığı yanmış qazların miqdarı təzə maşınlarla müqayisədə ən azından 5 dəfə çoxdur.