Şahmatçımız gözlənilmədən vəfat etdi

11 Yanvar 2014 16:42 (UTC+04:00)

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov vəfat edib. Uzun müddətdir müalicə alan qrossmeyster bu gecə dünyasını dəyişib. O, Almaniyanın Heydelberq klinikasında keçinib. Müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçımız gözlənilmədən vəfat edib. Qeyd edək ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.