Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan gənc
işçilərin yenidən işlə təmin oluna biləcəyinə aydınlıq gətirib.
"APA-Economics"in
məlumatına görə, ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi
Asif Bəkirli bildirib ki, ixtisara düşmüş işçilərin adları
ARDNŞ kadr ehtiyatı bazasına
oturdulur. Onun sözlərinə görə, bu şəxslərin adları
ixtisaslar üzrə komplektləşdiriləcək: "İxtisara düşən işçilər 2
aylıq ödənişlərini alıblar. Kadr ehtiyatı bazasında elə insanların
adları və ixtisasları var ki, onları işlə təmir etmək mümkün deyil.
Bu ixtisaslar üzrə komplektləşdirilmə həyata keçirildikdən sonra
şirkət üzrə mövcud vakansiya olduqda, işdən könüllü şəkildə
çıxanların, təqaüdə gedənlərin hesabına yenidən işlə yəmin
ediləcəklər". A.Bəkirli bildirib ki, bu ixtisaslar üzrə
vakansiyalar yarandıqda, qurum ədalətli və yalnız test üsulu ilə
imtahan təşkil edəcək: "Burada da test imtahanlarını ən yüksək
balla keçən işçini yenidən işlə təmin edəcəyik. Qalan keçid balını
keçməyən işçilərə isə biz gələcəkdə iş təklif etməyəcəyik. Bu
insanlar artıq öz gələcəyi haqqında fikirləşməlidir. Test
müsabiqəsində az bal toplayan işçilər isə gözləyəcək və növbəti
vakansiya yarandıqda, onlar imtahansız işlə təmin olunacaqlar".
Departament rəisi vurğulayıb ki, ARDNŞ-a kənardan işə qəbul
edilməsi prosesi dayandırılıb: "Hətta müvəqqəti olaraq analıq
məzuniyyətinə və sosial məzuniyyətə çıxan işçilərin hesabına biz
həmin adları kadr ehtiyatı bazasında olan insanları imtahan
verdikdən sonra daimi işlə təmin edəcəyik. Bu işçilərdən müəyyən
bir qrupu mövsümi işlərdə istifadə olunacaq".
A.Bəkirli qeyd edib ki, ARDNŞ artıq bu gün 500 nəfər işçinin
ikinci peşəyə yiyələnəcəyini müəyyən edib: "Əgər onların
ixtisaslarına yaxın vakant iş yeri yaranarsa, biz həmin işçinin
peşəsini dəyişməsini təmin edəcəyik. Şirkət öz vəsaiti hesabına bu
işçilərin ixtisas artırılmasını həyata keçirəcək. Onlar
ixtisasartırma sertifikatını aldıqdan sonra ARDNŞ onları ən tələb
olunan vakansiya ilə təmin edəcək. Biz heç kimin hüququnu
tapdalamaq fikrində deyilik. Amma bununla belə, ARDNŞ olaraq söz
verə bilmərik ki, bu insanların hamısı əvvəl işlədiyi vəzifəyə,
əvvəl aldığı maaşa və dərəcəyə uyğun işə geri qaytarılacaq. Burada
da rəqabət əsas rol oynayacaq. Biz ən ədalətli prinsiplərlə həmin
işçiləri geri qaytarmağa çalışacağıq. Burada savad, bilik, bacarıq
və səriştəlilik əsas rol oynayacaq. Bu savad və biliyin göstəricisi
isə onun verdiyi test imtahanın nəticələri müəyyən edəcək. Həmin
işçilər də test imtahanını verdikdən sonra yeni iş yerinə məktubla
göndəriləcək. Bundan ədalətli bir metod və addım varsa, biz ona da
baxa bilərik".