ABŞ-ın “Cascade Pioneer” qəzeti "Qanlı Yanvar" faciəsi barədə məqalə dərc edib
12 Yanvar 2014 18:28 (UTC+04:00)
ABŞ-ın Ayova ştatında nəşr olunan "Cascade
Pioneer" qəzeti "Redaktora məktub: Qanlı Yanvarı unutmayın"
sərlövhəli məqalə dərc edib. Movqe.Az-ın AzərTAc-a istinadən
verdiyi məluamata görə, bu ştatda yaşayan azərbaycanlı Aqşin
Tağıyev tərəfindən yazılmış məqalədə 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Azərbaycanın paytaxtında baş vermiş faciədən,
Sovet qoşunlarının Bakıya soxularaq şəhərin dinc əhalisinə divan
tutmasından bəhs olunur.
Materialda bu cinayət nəticəsində həlak olmuş və
yaralanmış vətəndaşların sayı barədə statistik rəqəmlər göstərilir.
Həmçinin dinc əhalini qırmaq məqsədilə onlara qarşı görünməmiş
vəhşilik törədildiyi barədə "Human Rights Watch" hüquq müdafiə
təşkilatının dəlilləri göstərilir. Müəllif yazır ki, Sovet
qoşunları Haaqa Konvensiyası tərəfindən qadağan olunmuş güllələrdən
istifadə ediblər. Bu qanlı hadisələr Azərbaycanın müstəqilliyə nail
olmaq əzmini təsdiqləmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan öz
müstəqilliyini bərpa edib.
Material Azərbaycan–Amerika Şurası (AAŞ) və
Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən keçirilən
kampaniya çərçivəsində dərc olunub.