Azərbaycanlılar Türkiyədə ev ala biləcək

1 İyun 2012 17:09 (UTC+04:00)

Kəbutər Haqverdi iki ildir, Türkiyədə yaşayır. Onun bundan sonrakı həyatı da Türkiyə ilə bağlı olacaq. Hazırda İstanbulun Qazi Osman Paşa səmtində ailəsi ilə kirayələdiyi bir mənzildə yaşayan Kəbutər xanım, şəxsi mənzilə sahib olmaq arzusunu hüquqi məhdudiyyətlər üzündən reallaşdıra bilməyib.


"Öz evinə sahib olmaq insan ücün rahatlayıcı bir şeydir. Həm hər ay kirayə ödəməkdən azad olursan, həm də özünü köklü hiss edirsən. Buna görə də Azərbaycandakı mənzilimi satıb burdan ev almağı düşünürdüm. Amma müraciət etdiyim ilk əmlakçı mənə Azərbaycan vətəndaşlarına ev almaq hüququ verilmədiyini söylədi. Əmlakçı dedi ki, yaxın vaxtlarda bu məhdudiyyət aradan götürüləcək. O vaxtdan mən İstanbulda öz evimin olması arzusunu gerçəkləşdirəcəyim günü gözləyirəm", - deyir Kəbutər Haqverdi.


BBC news xəbər verir ki, Türkiyə parlamentinin bu günlərdə verdiyi qərar Kəbutərin şəxsi mənzil sahibi olmaq arzusuna yolunu açır. Əcnəbilərin mülk əldə etməsinə dair qanun minlərlə xarici vətəndaşa Türkiyədə daşınmaz əmlak almaq imkanı verəcək.


Yerli ekspertler bu qanunun quvvəyə minməsi ilə Turkiyənin inşaat sektorunun canlanacağını proqnozlaşdırırlar.

Əmlak məsələləri üzrə ekspert Cemlak şirkətinin sahibi Camal Mehmethanoğlu BBC Azərbaycancaya deyib ki, əcnəbilərə Türkiyədə daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verəcək.


"Son illərdə Türkiyədə saysız lüks bina və villalar tikilsə də, mənizllərin coxu sahibkarların əlində qalıb. Halbuki Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir cox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyən minlərlə əcnəbi var. Bu qanunun qüvvəyə minməsi ölkəyə qoyulan xarici sərmayənin artmasına imkan verəvək ki, bu da ölkə iqtisadiyyatini hərəkətə gətirəcək", - deyir Mehmethanoğlu.


Əmlak məsələləri üzrə məsləhətçinin fikrincə, Qanunun qüvvəyə mindiyi ilk bir il ərzində ən az 2000 Azərbaycan, 5000 isə İran vətəndaşının Türkiyədə mənzil alacağı gözlənilir.


Türkiyə Böyük Millət Məclisinin üzvü Əli Halaman BBC Azərbaycancaya müsahibəsində deyib ki, parlamentin təsdiqindən keçən bu qanun prezident Abdullah Gülün də ratifikasiyasından sonra qüvvəyə minəcək ki, bu proses də ən coxu iki ay davam edəcək.


Millət vəkilinin sözlərinə görə, bu qanun Türkiyənin inşaat sektorunun Avropa bazarları üçün açılmasına təkan verəcək. Onun sözlərinə görə, indiyə qədər Türkiyə qanunvericiliyi yalnız qarşılıqlıq prinsipi əsasında əcnəbilərə mülk almaq huququ verirdi. Belə ki, yalnız İngiltərə, Rusiya, Almaniya kimi Türkiyə vətəndaşlarına öz ərazisində mülk alma haqqını tanıyan ölkələrin vətəndaşları da Türkiyədə anoloji haqdan istifadə edə bilirdilər. Lakin yeni qəbul olunmuş əcnəbilərə Türkiyədə mülk əldə etmə haqqı qanunu qarşılıq tələb etmədən tətbiq olunacaq. "Bu isə həmin ölkələrdən olan zəngin iş adamlarının sərmayələrinin ölkəyə cəlb olunmasına imkan verəcək", - deyir millət vəkili Əli Halaman.


Əcnəbilərin Türkiyədə mülk alma haqqı tanınmasını nəzərdə tutan qanun daha cox zəngin əcnəbilərin vəsaitlərinin Türkiyəyə cəlb olunmasına hesablansa da, sıravi təbəqə də bu haqqın rahatlığını yaşaya biləcək.


"Evinin qapısını sənə aid olan acarlarla açıb içəri girmək insana güvən verən bir hissdir. Bu hissləri yaşaya biləcəyim anı səbirsizliklə gözləyirəm", - deyən Kəbutər Haqverdi də bu ilin sonuna qədər kirayənişinlikdən qurtularaq ev sahibi ola bilmə haqqına çatacağına ümidlidir.


Türkan Nadirqızı

Movqe.Az