Keyfiyyətsiz dərman təhdidi

13 Yanvar 2014 16:41 (UTC+04:00)

Dünyanın əksər ölkələrinin saxta dərman problemindən hələ də yaxa qurtarmadığı birmənalı həqiqətdir. Belə iddialar səslənir ki, ölkəmizdə də satışa çıxarılan dərmanların müəyyən hissəsi saxtadır.  İnsan orqanizmində ciddi fəsadlara səbəb ola biləcək bu dərmanların satışının qarşısını almaq üçün müvafiq tədbirlər görülsə də, hələ də problemi tam həll etmək mümkün olmayıb. Bunun nətiəcsidir ki, dərman bazarında həddindən artıq çeşiddə, müxtəlif firmalara məxsus cürbəcür preparatlar olsa da, bunlar hər zaman insanların dərdinə əlac olmur. 

Tibb elmləri doktoru Adil Qeybulla Movqe.az-a verdiyi açıqlamada keyfiyyətsiz dərman preparatlarının insan orqanizmində zəhərlənmələrə səbəb ola biləcəyini, ən yaxşı halda isə təsirsiz, effektsiz olacağını dedi: "Saxta dərman satışı deyərkən burda söhbət dərmanların keyfiyyət parametrlərinin aşağı olmasından gedir. Bəzən dərmanların tərkibindəki maddələr lazımi səviyyədə olmur. Onlar standartlara cavab verməyən dərmanlardır. Belə preparatların tərkibindəki lazımi  maddələrin kifayət qədər olmaması, onların təsirinin də kifayət qədər olmamasına gətirib çıxarır. Bundan əlavə, bəzi hallarda apteklərdə saxlanma müddəti keçmiş dərmanların da satışı həyata keçirilir. Dərmanların saxlama qaydaları pozulduqda, saxlanma müddəti keçdikdə və ya standartlara uyğun olmayan şəkildə hazırlandıqda insan orqanizmi üçün müəyyən təhdidlər yarana bilir. Belə ki, bu halda zəhərlənmələr baş verə bilər. Ən yaxşı halda isə, həmin o keyfiyyətsiz dərmanlar sadəcə olaraq, effektsiz olacaq və orqanizmə nə pis, nə də yaxşı heç bir təsiri olmayacaq. Orqanizm onu boşuna qəbul etmiş olacaq. Bir də ki, preparatlara rəng strukturu verən, saxlanmasına kömək edən dərman əlavələri deyilən qatqı maddələri var ki, bunların özünün də keyfiyyəti mühüm əhəmiyyət kəsb edir. Bu cür dərman əlavələri bəzən mədə-bağırsaq sisteminə və başqa orqanlara toksiki təsir göstərir. Konserigen təsirli bu cür qatqılar bir çox fəsadlara yol aça bilər". 

Professorun fikrincə, belə dərmanların ölkəyə gətirilməsinin qarşısını almaq üçün dərman maddələrinin dövlət reyestri və dövlət farmakopeyası tətbiq olunmalıdır: "Bizdə dərman maddələrinin dövlət reyestri və dövlət farmakopeyası yoxdur. Belə bir qurum olsa, insanların əlində Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş bütün dərmanların siyahısı olacaq. Nə qədər ki, dərman maddələrinin keyfiyyətinə nəzarət sistemi bütün dünyada olduğu kimi qurulmayıb, ölkəmizdə keyfiyyətsiz dərmanlarla bağlı problemlər daim olacaq".

Milli Məclisdə Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə, ölkəmizdə satılan dərmanların 99%-nin yoxlanışdan keçirilərək əhaliyə təqdim olunduğunu desə də, ölkəyə bəzi hallarda keyfiyyətsiz, vaxtı keçmiş dərmanların da keçirildiyini bildirdi: "Bildiyiniz kimi, Azərbaycanda ümumiyyətlə, dərman istehsalı həyata keçirilmir. Yalnızca kiçik ləvazimatlar hazırlanır. Qalan dərmanlar isə xarici ölkələrdən Azərbaycana gətirilir. Ölkəyə gətirilən dərmanların da, demək olar ki, 99%-i ölkədə qeydiyyatdan keçmiş dərman vasitələridir. Ola bilər ki, kimlər tərəfindənsə gizli şəkildə ölkəyə müəyyən dərmanlar gətirilir. Çox cüzi miqdarda da olsa, belə hallar da yaşanır.  Bunlar da saxta dərman yox, ciddi qeydiyyatdan keçməmiş və nəzarətdən kənar gətirilən dərman preparatlarıdır. Ola bilər ki, bu dərmanlar heç saxta deyil, sadəcə, qeydiyyatdan keçirilməyiblər. Əslində, öz ölkələrində normal işlənən dərmanlardır. Buna görə də, saxta dərmanlardan yox, keyfiyyətsiz dərmanlardan söhbət getsə, daha doğru olar. Bəzən isə apteklərdə saxlama müddəti keçmiş və ya lazımi şəraitdə saxlanılmayan dərmanlar da satılır. Elə hallar olur ki, saxlanma müddətinin bitməsinə artıq 1-2 ay vaxt qalmış dərmanlar da ölkəyə gətirilir. Doğrudur, belə hallar da baş verə bilir. Amma bu həmin dərmanların saxta yox, sadəcə keyfiyyətsiz olması deməkdir".