Hacı Şahin Həsənli: “Suriyada cihad adı altında vuruşaraq ölənlər şəhid hesab oluna bilməzlər”

13 Yanvar 2014 19:27 (UTC+04:00)

Azərbaycandan Suriyaya din uğrunda döyüşməyə gedənlərin son günlər sayının artması ilə bağlı müxtəlif dini təriqət nümayəndələri və dövlət komitəsi mövqe bildirib.

 

İlahiyyatçı Elşad Miri APA-ya deyib ki, Suriyaya din uğrunda döyüşməyə gedənləri dəstəkləməsə də, orada həlak olanları qınamaq, mənfi fikir söyləmək fikrində deyil: "Çünki o insanlar artıq haqq dünyasındadırlar. Onlar haqqında söyləyəcəyim hansısa fikir axirətdə mənim özümün cavab verməyimə səbəb ola bilər".

 

E.Miri bildirib ki, sadəcə, Azərbaycan vətəndaşının bu gün ora getməsinə ehtiyac yoxdur: "Çünki orada adamdan çox adam var. Adama ehtiyac yoxdur". Onun sözlərinə görə, ora gedənlərə pul verilməsi məsələsi yalandır: "Orada guya sonrakı hakimiyyətin qurulmasında onlara nəsə pay verilməsi ilə bağlı fikirlər də doğru deyil. Bunlar sırf öz inamlarına görə şəhid olmaq, oradakı qardaşlarına dəstək olmaq arzusu ilə ora gedən insanlardır. Bunların özü də iki qrupa bölünür. Birinci qrup həqiqətən orada cihad olduğuna inanıb gedir, digərləri isə orada cihad olduğuna inanmır, sadəcə, Allah yolunda vuruşmaq məqsədilə gedirlər".

 

E.Mirinin fikrincə, Azərbaycan dövlətinin bu istiqamətdə etməli olduğu məsələ odur ki, dini maarifləndirmə güclü aparılsın: "Çünki bəzi müsəlman alimləri Suriyada cihad olduğunu, bəziləri isə tamamilə əksini elan ediblər. Bu gün gedənlərin kütləvi hal almasının da səbəbi odur ki, bu insanlar arasında kütləvi qruplaşma var. Bu qruplaşmalar arasında da fikir ayrılığı var. Bunun da yeganə əlacı dini maarifləndirməni gücləndirməkdir".

 

"Dövlət bunun üzərinə getməli, vətəndaşların Suriyaya axınının qarşısını almalıdır"

 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli APA-ya bildirib ki, azərbaycanlıların din uğrunda mübarizə adı ilə Suriyaya axınından ölkənin əsl dindarları çox narahatdır: "Nəinki narahatıq, hətta bunu bir təhlükə olaraq görürük". O qeyd edib ki, bir neçə dəfə bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə müzakirələri olub və bu təhlükə qabardılıb: "Baş verənlər bu gün ondan ibarətdir ki, Azərbaycanda tolerantlığın olduqca yüksək səviyyədə olması vəhhabi adı altında olan adamlara burada münbit şərait vermir. Çoxları Suriyaya axını insanların maddi sıxıntısı ilə əlaqələndirir, amma bu belə deyil. Məsələ imanın zəifləməsidir. Onlarda iman zəifləyib ki, belə edirlər. İman zəif olanda insan vətəninə və din qardaşına xəyanət edir, silah qaldırır. Təəssüf ki, bu gün bunların sayı çoxalır, ən pisi də odur ki, bu cür inqilablar şüurlarda baş verir".

 

Seyid Camalın apardığı təxmini araşdırmaya əsasən, bu gün ölkədə vəhhabi cərəyanına məxsus 30 min vətəndaş var: "Bunun 2500-dən çoxu Zaqatalada cəmləşib. Bəzən deyirlər ki, bütün vəhhabilər Suriyada gedən döyüşlərdə maraqlı deyillər, onlardan ayrılan "Xəvariclər" və başqaları meyllidirlər. Amma bu yanlışdır, onların hamısı eyni mənbədən qaynaqlanır və eyni amaldadırlar. Onlar özlərindən olmayanları kafir elan etməyə başlayıblar. Onlar çox təhlükəli terror düşüncəsinə malikdirlər və eyni mərkəzdən məqsədli formada idarə olunurlar. Biz dindarlar dövləti bununla bağlı təcili olaraq bir proqram tərtib etməyə və bunun qarşısını almağa çağırırıq. Dövlət bunun üzərinə getməli, vətəndaşların onların arxasınca Suriyaya axınının qarşısını almalıdır. Əks halda, bunun sonu çox təhlükəli görünür. Çünki bu gün bizim ən vacib cihad yerimiz Qarabağdır, başqa din qardaşlarımıza qarşı silah işlədiləcək yer yox".

 

"Suriyada özünü mücahid adlandırıb ölənlər şəhid hesab oluna bilməz"

 

Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli APA-ya açıqlamasında bildirib ki, Suriyada baş verənlər o ölkənin daxili işdir: "Sadəcə, bəzi dövlətlər bundan öz maraqları üçün istifadə edərək, radikal təfəkkürlü insanları o ölkədə baş verənlərə cəlb edir, ölkə daxilində silahlı qarşıdurma yaradırlar. Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Cihad Qurani-Kərimdə işlənmiş sözdür və təcavüzə məruz qalanın özünü qoruması mahiyyətini daşıyır. Yəni hansısa müsəlman xalq təcavüzə məruz qalırsa, torpaqları zəbt olunursa, işğal olunursa, xalqın vəzifəsidir ki, öz dəyərlərini qoruyaraq təcavüzkara cavab versin. Bunların isə heç birinin bu gün Suriyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, azərbaycanlılar da bu gün oradakı döyüşlərdə iştirak edir. Onlar əslində Qarabağa yollanıb orada cihad elan etməlidirlər".

 

Hacı Şahin onu da deyib ki, Suriyada cihad adı altında vuruşaraq ölənlər şəhid hesab oluna bilməz: "Mən heç vaxt inanmıram ki, onlar şəhid olsunlar. Çünki əslində bu, müsəlmanlar arasında ixtilafdır, cihad deyil. Orada müsəlmanlar arasında ixtilaf salınıb və insanları qurban edirlər. Müsəlmanlar arasında məzhəb ixtilafları yaradaraq qurban edilən insanlar şəhid deyillər. Bu axının qarşısını alınması üçün sistemli tədbirlər görülməli və maarifləndirmə işi gücləndirilməlidir".

 

Dövlət Komitəsi: Maarifləndiricilikdən başqa görəcəyimiz iş yoxdur

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, komitə Azərbaycandan bəzi dini təriqət nümayəndələrinin Suriyaya döyüşlərə hansı vasitələrlə qatılması barədə heç nə deyə bilməz: "Sadəcə, dövlət komitəsi Azərbaycandan hər hansı bir şəxsin Suriyada döyüşməsinin, qruplara qoşulmasının əleyhinədir. Buna qarşı da biz dindarlar arasında radikalizmə meylliliyin qarşısının alınması üçün müxtəlif maarifləndirici işlər görürük. Başqa görəcəyimiz heç bir iş yoxdur".

 

Komitədən onu da bildiriblər ki, Azərbaycandan Suriyaya hansısa dindarın getməsi ilə bağlı onlarda hələ ki, rəsmi məlumat yoxdur: "Gözləyirik hansısa rəsmi məlumat bizə daxil olsun ki, rəsmi addımlar ataq. Hazırda isə bunun qarşısının alınması üçün maarifləndirici tədbirlər görürük". Aparılan tədbirlərə baxmayaraq, gündən-günə Azərbaycandan Suriyaya gedən dini təriqət nümayəndələrinin sayının artmasına isə komitə cavab verməyib: "Bu barədə heç nə deyə bilmərik".