Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqə

13 Yanvar 2014 19:48 (UTC+04:00)

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə 2013-cü il noyabr ayının 16-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərin qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb və onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü il yanvar ayının 15-dən etibarən başlanması qərara alınıb. Bununla bağlı hər bir namizədə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) keçiriləcək söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək. Qeyd edək ki, qanunvericiliyə əsasən, müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.