Sosial evlərin inşasına ilkin olaraq regionlarda strat verilə bilər

14 Yanvar 2014 10:20 (UTC+04:00)

Məlumdur ki, aztəminatlı ailələrin mənzil tələbatının ödənilməsi üçün xeyli müddətdir ölkədə sosial evlərin inşası təklif olunur. Lakin indiyə kimi konkret bu istiqamətdə hansısa addım atılmayıb. Eyni zamanda 2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsində sosial kirayə xidməti nəzərdə tutulur. Qanuna görə, həm dövlət, həm də bələdiyyə tərəfindən sosial evlər tikilə və onlar simvolik məbləğə aztəminatlı ailələrə kirayəyə verilə bilər. Burada ailələr uzun müddət yaşaya bilər. Əksər xarici praktikada belə evlərin daha çox regionlarda inşa edilir. Məqsəd də əsasən urbanizasiyasının qarşsını almaqdır. Ancaq ekspertlər hesab edirlər ki, belə evlərin regionlarda yox, şəhərətrafında salınması daha məqsədəuyğundur.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə bildirir ki, sosial evlərin müsbət tərəfləri var: "Bunlar ilk öncə şəhər ətrafında olsa yaxşıdır. Ən azından urbanizasiyanın qarşısını alar. Hazırda ölkəmizdə sosial kirayə də olmasa, buna oxşar lahiyələr həyata keçirilməkdədir. Güzəştli şərtlərlə evlər salınır. Belə layihə Müşfiq qəsəbəsində həyata keçirilib və Qobu və Hövsan qəsəbələrində də həyata keçirilməsi nəzərdə tutulur. Aztəminatlı ailələr üçün nəzərdə tutulan belə evlərin ən azından Bakı şəhəri ətrafında olması məqsəduyuğun hesab edilərdi. O baxımdan ki, şəhərdə sıxlığın qarşısı müəyyən qədər alınardı. İkinci tərəfdən də pilot layihəsi kimi böyük şəhərlərdə həyata keçirilməsi məqsədəuyğun olardı. Ən sonuncu variant kimi kənd və qəsəbələrdə tikilə bilər. Amma kəndlərdə bu proses reallaşmazdan öncə şəhər kənarında pilot kimi sınamaq olar. Sonra böyük şəhərlər, ən sonda kəndlərdə. İnanmıram ki, kəndlərdə tikilsə ora tələbat olsun. Çünki onun kəndlər tikilməsi urbanizasiyanın qarşısını nisbətən alsa da, dövlətə xərc baxımdan Bakı ətrafında tikilməsindən baha başa gələr. Ona görə də yaxşı olar ki, hələlik bu tip evlər şəhər kənarında tikilsin. Çünki, ucqar, kənd yerlərində belə evlərin tikilməsi üçün tikinti materiallarının daşınması lazımdır. Hazırda Bakı ətrafında bizim o qədər boş torpaq sahələrimiz var ki! Belə evlərin tikilməsi həmin ərazidə digər sosailyönümlü, kommersiya tipli lahiyələrin də inşasına start verə bilər. Bu, həm də bazarda canlanmaya şərait yaradacaq. Sosial evlər ümumilikdə mənzil bazarında qiymətlərin aşağı düşməsinə o qədər təsir etməsə də, ən azından stabil qalmasına kömək edərdi. Çünki, qiymətlərin qalxmasında əsas səbəblərdən biri təklifin az olmasıdır".

"Qaya" Daşınmaz Əmlakın marketinq üzrə mütəxəssisi Seyla Həsənova "Mövqe"yə açıqlamasında bildirdi ki, hazırda Zabratda bu layihə ilə əlaqəli inşaata başlanıb: "Bu addımı dəstəkləyirəm, çox təqdirəlayiq layihədir. Bakıdakı sıxlığı nəzərə alsaq, bu cür evlərin regionlarda tikilməsi məqsədəuyğundur. Artıq şəhərətrafı ərazilərin də məskunlaşması prosesində çox aktiv gedir və bu, normal haldır. Şəhərdaxili mənzil qiymətləri hər kəsin cibinə görə deyil və bu səbəbədən digər şəhərətrafı ərazilərdə münasib qiymətlərlə aktiv inşaat prosesi gedir. Ötən il bu cür yanaşma ilə yadda qalıb. Bundan başqa, 2009-cu ildən qəbul edilən Mənzil Məcəlləsində "sosial kirayə" xidməti nəzərdə tutulub ki, bu qanuna görə həm dövlət, həm bələdiyyə, həm də özəl sektor tərəfindən inşa olunacaq evlərdə minimal kirayə haqqı olacaq və bu evlər də aztəminatlı ailələr üçün nəzərdə tutulacaq. Bilirik ki, aztəminatlı ailələrin mənzil almaq problemi var. İpotekadakı faizləri də nəzərə alsaq, bu layihə həmin ailələr üçün ideal variant ola bilər. Şəhərətrafı ərazilərdə qiymət nisbətən aşağı və məskunluq baxımından layihəyə daha uyğun olduğundan bu ərazilərdə belə evlərin tikilməsi məqbuldur. Ancaq sanmıram ki, bu layihələrin ümumi bazarda qiymətlərin düşməyinə təsiri olsun. Yuxarıda da qeyd etdiyim kimi, aztəminatlı ailələr və kimsəsizlər üçün nəzərdə tutulan bu layihələr tamamilə mənzil ala bilməyən təbəqəni mənzillə təmin etmək üçündür. Bunun da ümumi bazara əhəmiyyətli təsirinin olacağını düşünmürəm".

Son olaraq xatırladaq ki, sosial kirayə anlayışı isə 1970-ci illərdə Fransada ortaya çıxıb.