Azərbaycanlı sələfiləri Suriyaya aparan səbəb

14 Yanvar 2014 12:33 (UTC+04:00)

Ötən gün Suriyada döyüşlərdə öldürülən azərbaycanlıların arasında məktəb yaşlı yeniyetmənin olması xəbəri çoxlarının təəccübünə səbəb oldu. Təəccübə səbəb olan həm də məktəb yaşlı yeniyetmənin ailəsinin maddi baxımdan kifayət qədər təminatlı olması idi. Namiq Kərimovun xalası nəvəsi Günel Babayeva bildirib ki, Kərimovlar 2013-cü ilin yayında ailəliklə Azərbaycanı tərk ediblər. Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlu yanvarın 10-da baş verən döyüşlərdə öldürülüb. Namiq Kərimovun "Allah yolunda döyüşlərdə" iştirak etmək üçün Suriyaya getdiyi deyilir. Ata bu məqsədlə 14 yaşlı oğlunu da özü ilə aparıb. O da qeyd edilir ki, Namiq Kərimovun əvvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq sələfiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır. Məlumata görə, öldürülən N. Kərimovun anası Nigar Kərimova da sələfi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Bu xəbər bir daha Azərbaycanda radikal dini cərəyanların təsir dairəsinə düşənlərin bu yolu maddi sıxıntı ucbatından qəbul etmələri ilə bağlı iddiaları təkzib etdi. Reallıq göstərir ki, Azərbaycanda bu cür təriqətlərə qoşulanlar heç də bu yolu maddi sıxıntı məngənəsində boğulduqlarından qəbul etmirlər. Elə ilahiyyatçı ekspert Elşad Miri də bu versiyanın doğru olmadığını söyləyir. E. Miri Movqe.az-a açıqlamasında bildirib ki, Suriyada döyüşlərə qoşulanlaın sayının günü-gündən artması və onların arasında maddi imkanı ilə seçilən insanların olması onların bu yolu başqa səbəblər üzündən tutduğundan xəbər verir: "İnsanlar həmişə nəyəsə inanırlar. İnsan xisləti elədir ki, öz inancını biruzə vermək istəyir. Vəhabiliyi qəbul edənlərin çoxu inanclarını Suriyada döyüşlərə qatılaraq biruzə vermələri əslində İslamın bildirdiyi mənada cihad anlayışına ziddir. Çünki Suriyada dava hakimiyyət üstündə gedir. Buna baxmayaraq sələfi təriqətinin üzvləri özlərini şəhid etmək üçün hazırda imkanın Suriyada olduğunu düşünüb oraya döyüşlərə qatılırlar. Bu əlbəttə ki, səhvdir. Amma onlar bunu düşünərək analiz etmirlər. Hesab edirlər ki, inancları uğrunda şəhid olurlar. Şəhidlik isə peyğəmbərlikdən sona ən uca zirvə hesab olunur. Vəziyyət göstərir ki, həmin döyüşlərə qatılanlar bunu maddiyyat güdərək də etmirlər. Yəni sırf inanc məsələsidir. Sosial şəbəkələrdən çağırışlar isə onlara bu istəklərinə qovuşmaq üçün bir yol açır. Təbii ki, onların bu yolu seçməsi səhvdir. Amma həmin insanlar başqa çıxış yolu da görmürlər. Hazırda bizdə atəşkəsdir. Onlar Qarabağ uğrunda döyüşə gedib şəhid ola bilməzlər. Belə halda Suriyanı seçirlər. Həmin yerdə gedən davanın siyasi baxımdan analiz etmək bacarıqları olmadığıdan elə hesab edirlər ki, orada döyüşlərdə ölmək onları şəhidlik zirvəsinə ucaldır. Bunu inanc uğrunda ölü hesab edirlər".

E. Miri deyir ki, insanları bu səhv fikirdən daşındırmaq üçün məktəblərdən təbliğata başlanılmalıdır: "Orta məktəblərdə dini dərslər tədris olunmalıdır. İslamın mahiyyəti anladılmalıdır yeniyetmələrə".   

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Yayılan məlumatlara görə, ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Təkcə son bir həftədə Suriyada dörd azərbaycanlı mücahidin öldürüldüyü bildirilir.