Nazirlikdən at və eşşək cəsədləri ilə bağlı açıqlama

14 Yanvar 2014 14:20 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədlərinin tapılması hadisəsinə münasibət bildirib. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, böyük ehtimalla bu tullantılar meşə ərazisinə gecə saatlarında tökülüb. Onun sözlərinə görə, hər bir vətəndaşın meşəyə girmək hüququ var: "Bu hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hüquq-mühafizə orqanlarına məlumat veriblər və faktla bağlı onlar tərəfindən müvafiq araşdırma aparılır. Ümumiyyətlə, bu kimi hallarda araşdırmanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi apara bilməz. Misal üçün bir ağac kəsilən zaman kəsən şəxs məlum deyilsə, araşdırmanı ETSN apara bilməz. Ona görə də bu faktla bağlı da araşdırmanı hüquq-mühafizə orqanları aparır. İnsanların meşə sahəsindən bu cür məqsədlərlə istifadə etməsi bizi olduqca narahat edir. Bu, etik cəhətdən düzgün olmayan bir hadisədir. Meşələrin insanlar tərəfindən belə zibillənməsi bizi narahat edir. Ancaq bioloji cəhətdən meşə üçün ziyanlı hadisə deyil. Çünki tullantılar torpağa qarışdıqdan sonra gübrə olur".

 

Qeyd edək ki, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindəki meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.