Astarada 72 yaşlı nənənin törətdiyi cinayətin təfərrüatı

14 Yanvar 2014 22:04 (UTC+04:00)

Astara rayonunun Pensər kəndində baş verən ağır qətlin təfərrüatları məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 72 yaşlı Nənəxanım Əziz qızı Qasımova ailə münaqişəsi zəminində 74 yaşlı həyat yoldaşı Nəriman Həsən oğlu Qasımovnı qətlə yetirməkdə təqsirli bilinir. Baş verənlərdən şoka düşən yaxınları 6 uşaq anasının bu yaşında qətl törədəcəyinə inanmaq istəmədiklərini desələr də, ər-arvadın arasında daim münaqişənin olmasını etiraf edirlər.

Evin gəlini Raifə Qasımova bildirib ki, kişi 8 ildir Rusiyadan qayıdıb.


"Onlar bir-birilə danışmırdılar. Hey çalışdıq, amma heç nə alınmadı. Ailə problemli idi", - deyə Raifə Qasımova bildirib.


Yaxınlarının bildirdiyinə görə, mərhum Nəriman Qasımov həyat yoldaşı ilə ayrıca evdə yaşadığından, baş verənləri də Nisəxanım onlara xəbər verib. Belə ki, qadın elə həmin kənddə yaşayan gəlininin yanına gedərək, ərinin ağır vəziyyətdə yaralandığını deyib. Ondan kömək istəyib. Qaynanası ilə gələn gəlin qaynatasını al-qan içində görəndə yoldaşına zəng edib. Yanvarın 12-si axşam saatlarında başından ağır xəsarət alan Nəriman kişinin vaxtında həkimə çatdırılmaması, hadisənin gizli saxlanması onun ölümü ilə nəticələnib.


Mərhumun oğlu Arzuman Qasımov bildirib ki, atasının yaralanma xəbərini ona həyat yoldaşı bildirib.


"Yoldaşım qaça-qaça gəldi, dedi ki, "atan qan qusur". Mən də gəldim və istədim harasa zəng edim. Anam dedi ki, heç nə olmaz, indi gecənin yarısıdır, qaldı səhərə. Səhər kişi rəhmətə getdi", - deyə Arzuman Qasımov bildirib.


Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nəriman Qasımov, orda həyatını dəyişib. Mərhumun meyidi bu gün ailəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Nənəxanım Qasımova artıq rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Cinayətlə bağlı araşdırmalara başlanılıb. Rayon prokurorluğundan verilən məlumata görə, 76 yaşlı qadın ilkin istintaqa verdiyi ifadəsində təqsirini boynuna alaraq, ərini münaqişə zəminində, küt alətlə başına vurmaqla qətlə yetirdiyini etiraf edib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.